
Fransada oktyabrın 17-də baş verən zorakılıq və qarət hadisələrindən sonra yeni etiraz aksiyaları ərəfəsində təhlükəsizlik tədbirləri gücləndirilib. Ölkə üzrə 70 min polis və jandarm əməkdaşı səfərbər olunub, bir sıra şəhərlərdə mağazalar vitrinlərini qoruyucu panellərlə bağlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə “Hürriyet” nəşri məlumat yayıb.
Məlumata görə, aksiyalar zamanı mümkün iğtişaşların qarşısını almaq üçün helikopterlər, dronlar, su şırnaqlı xüsusi texnika və zirehli maşınlardan istifadə olunacağı bildirilir. Fransanın daxili işlər naziri Laurent Nunez zorakılıq və qarət hallarına qarşı sərt tədbirlər görüləcəyini bəyan edib.
Ötən həftə baş verən hadisələr zamanı təxminən 3 min obyektin qarət edildiyi qeyd olunur. Yeni aksiyalar öncəsi bir çox sahibkar mağazalarını qorumaq üçün əlavə tədbirlər görüb. Bəzi iş adamlarının müdafiə vasitələri əldə etməyə çalışdığı da bildirilir.
Bir sıra şəhərlərdə aksiyalar qadağan edilib
Fransa Prezidenti Emmanuel Makronun zorakılığın qarşısını almaq məqsədilə yalnız həmkarlar ittifaqlarının təşkil etdiyi aksiyalara icazə verilməsini istədiyi bildirilir. Lion, Nitsa və Monpelye şəhərlərində planlaşdırılan nümayişlər qadağan edilib. Parisdə isə yalnız Bastiliya və Nation meydanlarında aksiyalara icazə verildiyi qeyd olunur. Paytaxtın Respublika meydanı və Les Halles ətrafında tətbiq olunan gecə komendant saatının da bazar ertəsi səhərinədək uzadıldığı bildirilir.
Etirazlar ərəfəsində siyasi qarşıdurma da güclənib. “Milli Birlik” partiyasının lideri Marin Le Pen Makron hökumətini nümayişçilərə qarşı yumşaq davranmaqda ittiham edib. Solçu “Tabe Olmayan Fransa” hərəkatının lideri Jan-Lük Melanşon isə ölkədəki vəziyyətin hakimiyyətin sərt siyasətindən qaynaqlandığını iddia edib.
Trapp şəhərində silahlı hücum: Bir nəfər ölüb
Gərginlik fonunda Fransanın Trapp şəhərində də silahlı hücum baş verib. Məlumata görə, avtomobildən açılan atəş nəticəsində bir nəfər ölüb, dörd nəfər yaralanıb.
“Le Parisien” qəzeti hücum zamanı İkinci Dünya müharibəsi dövrünə aid STEN tipli avtomat silahdan istifadə edildiyini yazıb. Şəhərin meri Ali Rabeh hücum edən şəxsin yanacaqdoldurma məntəqəsini, tibb mərkəzini və uşaq meydançasını atəşə tutduğunu bildirib.
Mer hadisəni irqçi və islamofob hücum kimi qiymətləndirib. Onun sözlərinə görə, ölən şəxs Afrika mənşəli, yaralılardan biri isə Şimali Afrika mənşəlidir.
Aydın