Xəbər lenti

Avropada ilk dəfə: Barselonada 1,5 milyon yoluxdurulmuş ağcaqanad təbiətə buraxıldı
Dünya22:57 23.10.2026

Avropada ilk dəfə: Barselonada 1,5 milyon yoluxdurulmuş ağcaqanad təbiətə buraxıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İspaniyanın Barselona şəhərində təhlükəli xəstəlikləri yayan ağcaqanadların sayını azaltmaq məqsədilə Wolbachia bakteriyası ilə yoluxdurulmuş 1,5 milyondan çox erkək ağcaqanad təbiətə buraxılıb.

Qaynarinfo xəbər verir ki, “New Scientist” nəşrinin məlumatına görə, bu, Avropada həmin metodun ilk genişmiqyaslı sınağıdır. Proqram əsasən denge qızdırması və çikungunya kimi xəstəlikləri yaya bilən Asiya pələng ağcaqanadlarına qarşı yönəlib. Həmin ağcaqanad növü artıq Avropanın 16 ölkəsində yayılıb.

Metodun mahiyyəti ondan ibarətdir ki, Wolbachia bakteriyası daşıyan erkək ağcaqanadlar bakteriya ilə yoluxmamış dişilərlə cütləşdikdə yumurtalardan yaşama qabiliyyətinə malik nəsil yaranmır. Beləliklə, ağcaqanadların çoxalmasının qarşısını almaq mümkün olur.

Əvvəllər oxşar məqsədlə erkək ağcaqanadlar radiasiya vasitəsilə sterilizə edilirdi. Lakin bu üsul onların ömrünü qısaldır və cütləşmə ehtimalını azaldırdı. Yeni texnologiya isə bu çatışmazlıqları aradan qaldırmağa hesablanıb.

Layihə zərərvericilərlə mübarizə üzrə Rentokil şirkəti və “Google”un ana şirkəti Alphabet-ə məxsus Debug layihəsi tərəfindən həyata keçirilir. Ağcaqanadlar ABŞ-ın Florida ştatında yetişdirilir və hər həftə İspaniyaya gətirilir. Buraxılış prosesi avqustun ortalarında başlayıb və noyabrın ortalarınadək davam edəcək. Proqramın növbəti mərhələsinin gələn ilin mayında başlanması planlaşdırılır.

Tədqiqatın uğuru üçün təbiətə yalnız erkək ağcaqanadların buraxılması vacibdir. Yoluxmuş dişilərin də prosesə qoşulması bakteriyanın yerli populyasiyada yayılmasına və metodun effektivliyinin azalmasına səbəb ola bilər. Bu riski azaltmaq üçün Debug komandası ağcaqanadları cinslərinə görə ayırmaq məqsədilə süni intellekt texnologiyasından istifadə edir.

Metodun əvvəlki sınaqları da ümidverici nəticələr verib. Romada aparılan təcrübələr zamanı yaşama qabiliyyətinə malik ağcaqanad yumurtalarının sayı təxminən 90 faiz azalıb. Sinqapurda isə oxşar texnologiyanın tətbiq olunduğu ərazilərdə insanlar arasında denge qızdırmasına yoluxma riski 70 faizdən çox aşağı düşüb.

Asiya pələng ağcaqanadları hətta atılmış əşyaların içində toplanan az miqdarda yağış suyunda da çoxala bilir. Bu səbəbdən ənənəvi insektisidlər onlarla mübarizədə hər zaman effektiv olmur. Debug layihəsi analoji proqramları ABŞ-ın Florida və Kaliforniya ştatlarında da həyata keçirmək üçün icazələr almağa çalışır.

Aydın