
ABŞ-ın Kaliforniya ştatında fəaliyyət göstərən tədqiqat laboratoriyası süni intellektin köməyi ilə hazırlanmış virusun ilk dəfə insana yeridildiyini açıqlayıb. Bu üsul antibiotiklərə davamlı bakteriyaların yaratdığı infeksiyalarla mübarizədə yeni imkanlar aça bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə “The Independent” nəşri məlumat yayıb. Radical Numerics laboratoriyasının bildirdiyinə görə, Omnii-1 adlı süni intellekt sistemi vasitəsilə hazırlanmış bakteriofaqlar antibiotiklərə davamlı infeksiyadan əziyyət çəkən xəstənin müalicəsində tətbiq edilib. Müalicə həkim nəzarəti altında, xüsusi icazə verilmiş prosedur çərçivəsində həyata keçirilib.
Bakteriofaqlar bakteriyaları yoluxduraraq məhv edən viruslardır. Onlar əvvəlcə bakteriyanın səthindəki xüsusi reseptorlara birləşir, daha sonra hüceyrəyə daxil olaraq çoxalır və nəticədə bakteriyanı məhv edirlər. Bu yanaşmanın üstünlüyü ondan ibarətdir ki, bakteriofaqlar konkret bakteriya növlərini və ya ştammlarını hədəf alır, antibiotiklərdən fərqli olaraq bağırsaqdakı faydalı mikroorqanizmlərə daha az təsir göstərə bilər.
Hazırda bakteriofaq terapiyasında əsas çətinlik konkret xəstədə infeksiyaya səbəb olan bakteriyanı məhv edə biləcək uyğun virusun tapılmasıdır. Bu proses bəzən uzun vaxt aparır. Radical Numerics isə süni intellektin köməyi ilə bakteriyaların genetik xüsusiyyətlərini təhlil edərək fərdi müalicəyə uyğun bakteriofaqların daha sürətli hazırlanmasının mümkün olduğunu iddia edir.
Şirkətin məlumatına görə, Omnii-1 müxtəlif genom ardıcıllıqları, bakteriofaq genomları və viruslarla bakteriyalar arasındakı qarşılıqlı təsirlərə dair tədqiqat məlumatları əsasında öyrədilib. Sistem mümkün namizəd virusları müəyyənləşdirir, onların yeni variantlarının hazırlanmasına kömək edir. Daha sonra laboratoriyada yaradılan variantların canlı qala bilməsi və hədəf bakteriyalara qarşı effektivliyi yoxlanılır.
Mütəxəssislərin bu istiqamətə marağı antibiotiklərə davamlı bakteriyaların yaratdığı təhlükə ilə bağlıdır. Proqnozlara görə, belə bakteriyalar 2050-ci ilədək dünyada təxminən 40 milyon insanın ölümünə səbəb ola bilər.
Bununla belə, "Radical Numerics"in açıqladığı nəticələr hələ elmi ekspertizadan keçmiş tədqiqatla təsdiqlənməyib. Şirkət xəstənin məxfiliyini əsas gətirərək müalicənin konkret nəticələrini açıqlamayıb. Buna görə də süni intellektlə hazırlanmış bakteriofaqların effektivliyi və təhlükəsizliyi barədə qəti nəticə çıxarmaq hələ tezdir.
Aydın