
Qara zirə yağı uzun illərdir fitoterapiya məhsulları satılan mağazalarda mövcuddur. Lakin yalnız son on ildə tədqiqatçılar onun ənənəvi olaraq qəbul edilən faydalarının elmi araşdırmalarla təsdiqlənib-təsdiqlənmədiyini daha ətraflı öyrənməyə başlayıblar.
Qaynarinfo xəbər verir ki, bu barədə “Smakosze” nəşri yazır.
Araşdırmalar göstərib ki, qara zirə yağı xüsusilə immunitet, iltihabi proseslər və arterial təzyiq baxımından potensial faydalara malik ola bilər.
“Qara zirə əsrlər boyu Yaxın Şərq və Cənubi Asiyanın xalq təbabətində, əsasən, həzmi yaxşılaşdırmaq və immuniteti gücləndirmək məqsədilə istifadə olunub. Lakin uzun müddət bu biliklər inandırıcı elmi sübutlara deyil, yalnız ənənələrə əsaslanıb. Yalnız son bir neçə ildə aparılan elmi tədqiqatlar bu xüsusiyyətlərdən hansılarının həqiqətən təsdiqləndiyini, hansılarının isə sadəcə inanc olaraq qaldığını yoxlamağa imkan verib”, deyə məqalədə qeyd olunur.
Qara zirə yağı nədir və onun təsirini hansı maddə təmin edir?
Qara zirə yağı bitkinin qara toxumlarının soyuq sıxılma üsulu ilə emal edilməsi nəticəsində əldə olunur. Onun əsas aktiv komponenti timoxinondur. Bu maddə yağın sənədləşdirilmiş iltihabəleyhinə təsirlərinin əksəriyyətinə cavab verir.
“Smakosze” nəşrinin məlumatına görə, elmi tədqiqatlarda timoxinonun infeksiyalardan qoruyan immun sisteminin fəaliyyətinə təsir göstərdiyi müəyyən edilib. Məhz buna görə qara zirə yağı yalnız təbii müalicə tərəfdarlarının deyil, immunologiya sahəsində çalışan alimlərin də marağına səbəb olub.
Qara zirə yağının immunitetə təsiri ilə bağlı araşdırmalar nə göstərir?
Tədqiqatda 18–25 yaş arası 52 sağlam insan iştirak edib. Məlum olub ki, bir neçə həftə ərzində hər gün 1 qram qara zirə yağı qəbul edilməsi orqanizmin müdafiə funksiyalarını əlaqələndirən immun hüceyrələrinin sayını əhəmiyyətli dərəcədə artırıb.
Alimlər gündə 2 qramlıq dozanı da yoxlayıblar. Lakin bu doza 1 qramlıq dozadan daha az təsirli olub. Beləliklə, qara zirə yağına gəldikdə, daha çox qəbul etmək həmişə daha yaxşı nəticə vermir.
Məqalədə bildirilir ki, immunitetə müsbət təsir bəzi hallarda immun sisteminin orqanizmin özünə hücum etdiyi xəstəlikləri olan insanlarda da müşahidə edilib.
Haşimoto xəstəliyi olan qadınlar arasında aparılan araşdırmada qara zirə yağının iltihab proseslərinə cavabdeh hüceyrələrin fəaliyyətinə təsir göstərdiyi müəyyən edilib. Revmatoid artritdən əziyyət çəkən qadınların iştirak etdiyi başqa bir tədqiqatda isə yağın səkkiz həftə ərzində qida əlavəsi kimi qəbulu orqanizmdə iltihab əlamətlərini nəzərəçarpacaq dərəcədə azaldıb.
Bundan əlavə, qara zirənin ürəyə və ürək-damar sisteminə təsiri də araşdırılıb. 2024-cü ildə aparılmış təhlil bu yağın həm sistolik, həm də diastolik arterial təzyiqi əhəmiyyətli dərəcədə aşağı sala biləcəyini göstərib. Tədqiqatın nəticələrinə əsasən, yağın təsiri toxum tozunun təsirindən daha güclü olub.
Qara zirə yağını qida rasionuna necə daxil etmək olar?
Araşdırmalarda gündə 500 milliqramdan 2 qrama qədər dozadan istifadə edilib. Yağ, əsasən, kapsul və ya təmiz maye formasında, acqarına qəbul olunub.
Bununla belə, qəbul ediləcək dozanı müəyyənləşdirməzdən əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur. Bu, xüsusilə yüksək arterial təzyiq və ya diabet əleyhinə dərman qəbul edən insanlar üçün vacibdir.
Məqalədə vurğulanır ki, hamilə qadınlar, süd verən analar və antikoaqulyantlar, yəni qanın laxtalanmasını azaldan dərmanlar qəbul edən şəxslər xüsusi ehtiyatlı olmalıdırlar. Çünki bu qruplarda qara zirənin uzunmüddətli istifadəsinin təhlükəsizliyi ilə bağlı məlumatlar hələ də məhduddur.
Bu qruplara daxil olmayan şəxslərə isə dərhal tədqiqatlarda istifadə edilən ən yüksək dozadan başlamaq əvəzinə, daha aşağı dozadan başlamaq və orqanizmin reaksiyasını izləmək tövsiyə edilir.
Aydın