
Vətəndaşlar yığımlarını inflyasiyadan qorumaq və əlavə gəlir əldə etmək üçün ənənəvi olaraq bank depozitlərinə üz tuturlar. Lakin kağız üzərindəki faiz rəqəmləri həmişə real dəyərin artması demək olmur. İnflyasiya səviyyəsinin və vergilərin nəzərə alınmadığı hallarda, nominal gəlir bəzən alıcılıq qabiliyyətinin qorunmasına kifayət etməyə bilər.
Bəs vətəndaşlar pullarını depozitə yatırtmaq istəyərkən daha çox nəyə diqqət etməlidir?
Mövzu ilə bağlı Qaynarinfo-nun suallarını cavablandıran iqtisad elmləri üzrə fəlsəfə doktoru İsmayıl Məmmədov Qaynarinfo-ya bildirib ki, depozitin gəlirliliyi nominal faiz dərəcəsi ilə inflyasiya arasındakı fərqdən asılıdır:
“İrvinq Fişerin məşhur tənliyinə görə, real faiz dərəcəsi təxminən nominal faiz dərəcəsi ilə inflyasiya arasındakı fərqə bərabərdir. Əgər nominal faiz inflyasiyadan yüksəkdirsə, əmanətçi real olaraq qazanır. Əks halda, pul yığmaq görünüşdə gəlir gətirsə də, faktiki olaraq dəyər itirir. Azərbaycan Mərkəzi Bankının (AMB) və beynəlxalq maliyyə qurumlarının son məlumatları bu nisbəti konkret rəqəmlərlə görməyə imkan verir.
Manatla depozit faizlərinə gəldikdə isə banklar fiziki şəxslərə illik 10-12 faiz aralığında faiz təklif edir. Bəzi banklarda orta depozit faizi 2026-cı ilin avqustunda 9,158 faiz səviyyəsində qeydə alınıb. Hüquqi şəxslər üçün xüsusi təkliflər isə 11 faizə qədər çatır.
2025-ci ilin dekabrında 12 aylıq inflyasiya 5,2 faiz, 2025-ci il üzrə orta illik göstərici isə 5,6 faiz olub. AMB-nin baza ssenarisinə görə, 2026-cı ildə inflyasiyanın 5,5 faiz, 2027-ci ildə isə 4 faiz olacağı proqnozlaşdırılır”.
Ekspertin sözlərinə görə, hazırkı göstəricilər manatla depozitlər üzrə real gəlirliliyin müsbət olduğunu göstərir:
“Orta manat depoziti üzrə real faiz dərəcəsi təxminən 4-6 faiz bəndi müsbətdir. Yəni əmanətçi həm inflyasiyanı ‘ötür’, həm də üzərinə real gəlir əldə edir”.

İsmayıl Məmmədov 10 min manatlıq əmanət nümunəsi üzərindən real gəlirin necə hesablandığını da izah edib:
“Vətəndaş 10 000 manatı illik 10 faizlə 12 ay müddətinə yerləşdirir. Sadə faiz hesablaması ilə:
Nominal məbləğ (1 il sonra): 10 000 + (10 000 × 10%) = 11 000 manat.
İnflyasiya 5,6 faiz olduqda real dəyər: 11 000 ÷ 1,056 ≈ 10 416 manat.
Real gəlir: 10 416 – 10 000 = 416 manat, yəni real gəlirlilik təxminən 4,16 faiz təşkil edir.
Əgər inflyasiya 10 faizdən yuxarı olsaydı (məsələn, 12 faiz), o zaman 11 000 manatın real dəyəri cəmi 9 821 manata düşərdi və əmanətçi 179 manat real itki yaşayardı. Hazırkı 5-6 faiz inflyasiya mühitində isə belə bir risk real deyil”.
İqtisadçı depozitlərin evdə nağd pul saxlamaqla müqayisədə üstünlüklərinə də diqqət çəkib:
“Depozit əmanətçini evdə nağd saxlamağın iki əsas riskindən – oğurluq və inflyasiya eroziyasından qoruyur. Sığorta mexanizmi də bu qoruma funksiyasını gücləndirir. Real faiz müsbət olduqda depozit sadəcə ‘pul saxlayan yeşik’ deyil, həm də passiv gəlir mənbəyinə çevrilir. Yəni hazırkı şəraitdə depozit həm qoruyur, həm qazandırır – sadəcə ‘ya qoruma, ya gəlir’ dilemması deyil”.
İsmayıl Məmmədov əmanətlərin sığortalanması, depozitin müddəti və valyuta seçiminin də vacib olduğunu vurğulayıb:
“Azərbaycanda Əmanətlərin Sığortalanması Fondu (ADİF) tərəfindən hər bir bankda 100 000 manatadək əmanət 100 faiz sığortalanır (illik faiz dərəcəsi manatla 12 faizə, xarici valyutada isə 2,5 faizə qədər olduqda). Bu o deməkdir ki, 100 min manatadək olan əmanət üçün bankın müflisləşmə riski faktiki olaraq dövlət tərəfindən neytrallaşdırılır. 100 mindən yuxarı məbləğlər üçün isə vəsaiti bir neçə banka bölmək rasionaldır.
Müddətli depozitlər adətən daha yüksək faiz verir, lakin vaxtından əvvəl çıxarış zamanı faiz itirilə bilər. Mülki Məcəlləyə görə, fiziki şəxs faizdən imtina etməklə əmanəti müddətindən əvvəl geri götürə bilər. Buna görə də ehtiyat hissəsini cari hesabda və ya qısamüddətli depozitdə saxlamaq məqsədəuyğundur.
Manatla depozit yüksək faiz verir. Xarici valyutada depozit faizləri isə çox aşağıdır – təxminən 0,5-2,5 faiz. Əgər gələcəkdə xarici valyutaya ehtiyac yoxdursa, manat depoziti real gəlir baxımından daha üstündür.
Azərbaycanda fiziki şəxslərin bank depozitləri üzrə faiz gəlirləri – 18 aylıq depozitlər və ya ayda 200 manat gəlir hissəsi olan depozitlər – hazırda gəlir vergisindən azaddır. Lakin qanunvericilikdə dəyişiklik riski həmişə mövcuddur; böyük məbləğlər üçün bu amil də nəzərə alınmalıdır”.
Günay İlqarqızı