
Sudan hərbçilərinin mübahisəli Abyey bölgəsində bazara pilotsuz uçuş aparatları ilə zərbələr endirməsi nəticəsində 150-dən çox insan həlak olub. Bu, Sudandakı müharibənin ən qanlı həftələrindən birində baş verən silsilə hücumlardan biridir.
Qaynarinfo “Reuters”ə istinadən xəbər verir ki, bu hücum son günlərdəki zərbələr nəticəsində həlak olanların ümumi sayını 250 nəfərdən çoxa çatdırıb.
Abyeyin informasiya naziri vəzifəsini icra edən Yohan Akol Nqor bildirib ki, bazar ertəsi Abyeydəki bazara hücum nəticəsində ölənlərin sayı əvvəlcə 73 nəfər olduğu halda, sonradan 153 nəfərə yüksəlib. Onun sözlərinə görə, qurbanların sayının daha da artacağı ehtimal olunur.
“Yanğın hələ də söndürülməyib. Buna görə də həlak olanların cəsədlərinin axtarışı davam edir. Vəziyyət dəhşətlidir”, – deyə Nqor vurğulayıb. O əlavə edib ki, bəzi cəsədlər tamamilə yanıb.
Məlumata görə, zərbə bazardakı yanacaq anbarına düşüb. Diplomatik mənbələr bildiriblər ki, bu anbardan əvvəllər RSF silahlı qruplaşması öz qüvvələrini təchiz etmək üçün istifadə edib.
Aydın