
İtaliyada doğum səviyyəsi üzrə yeni tarixi minimum qeydə alınıb. 2025-ci ildə ölkədə hər qadına düşən uşaqların orta sayı 2024-cü ildəki 1,18-dən 1,14-ə düşüb. Bu göstərici əhalinin sadə təkrar istehsalı üçün zəruri hesab edilən 2,1 səviyyəsindən xeyli aşağıdır.
Qaynarinfo xəbər verir ki, bu barədə İtaliyanın Milli Statistika İnstitutunun (Istat) hesabatında bildirilir.
“Hər qadına düşən uşaqların orta sayı 2025-ci ildə də azalmağa davam edərək 1,14-ə çatıb”, deyə sənəddə qeyd olunur.
Digər antirekord isə yeni doğulan uşaqların mütləq sayı ilə bağlıdır. 2025-ci ildə İtaliyada 355 772 uşaq dünyaya gəlib. Bu, 2024-cü illə müqayisədə 3,8 faiz və ya təxminən 14 min nəfər azdır.
Demoqrafik göstəricilər digər istiqamətlər üzrə də pisləşməkdə davam edir. Qadınların ana olduğu orta yaş 32,7-yə yüksəlib. Bu, 1995-ci illə müqayisədə təxminən üç il çoxdur.
İlk uşağın dünyaya gəldiyi orta yaş isə ilk dəfə 32-yə çatıb. Müqayisə üçün, 30 il əvvəl bu göstərici 28,1 yaş olub.
İtaliyada ümumi doğum əmsalının əvvəlki tarixi minimumu 1995-ci ildə qeydə alınıb və 1,19 təşkil edib. Ən yüksək göstərici isə 2008–2010-cu illərdə qeydə alınan 1,44 olub.
Aydın