
“STAR NUMBER” MMC-nin baş icraçı direktoru Vüqar Əliyarovun “BMW 530i” markalı, AA seriyalı dövlət qeydiyyat nişanlı xidməti avtomobili satışa çıxarılacaq.
Qaynarinfo xəbər verir ki, buna səbəb şirkətin vergi borcudur.
Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi şirkətə qarşı məhkəmədə iddia qaldırıb. Məhkəmə iddianı təmin edib. Qərara əsasən, 2018-ci il istehsalı olan, 40 min manat dəyərində “BMW 530i” markalı avtomobil satılacaq. Əldə olunan vəsaitdən 40 min manat dövlət büdcəsinə ödəniləcək.
Qeyd edək ki, “STAR NUMBER” MMC Bakı şəhərində “One Smart Star Azerbaijan” brendi ilə fəaliyyət göstərən, müəssisə və markalar üçün qısa, ulduz işarəli dördrəqəmli universal əlaqə nömrələri (OSSN – One Smart Star Number) təqdim edən texnologiya və rabitə şirkətidir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron xidmətində şirkətin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə hazırda 162 min 556 manat 14 qəpik vergi borcunun olduğu göstərilir.
Təqdim edilmiş kommersiya reyestri məlumatlarına əsasən, şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 6, mənzil 5-dir. Qanuni təmsilçisi Ramilə Əhməd qızı Əliyarova, nizamnamə kapitalı isə cəmi 10 manatdır.
Aydın