
Səhranın dərinliklərində, Mavritaniyanın ərazisində yerləşən heyrətamiz təbii obyekt alimlərin diqqətini uzun illərdir cəlb edir. Rişat strukturu (və ya Rişat krateri) kimi tanınan bu geoloji quruluş qərbli geoloqlara ən azı 1930-cu illərdən, fransız coğrafiyaşünaslarının onu ilk dəfə xəritəyə salmasından bəri məlumdur. Həmin vaxtdan etibarən bu obyekt çoxsaylı elmi müzakirələrin mövzusuna çevrilib.
Qaynarinfo xəbər verir ki, bu barədə “Discover Wildlife” nəşri yazır.
1965-ci ildə astronavtlar Ed Vayt və Ceyms Makdivitt “Gemini-4” missiyası zamanı Rişat strukturunun fotosunu çəkiblər. Həmin missiya çərçivəsində ABŞ tarixində ilk dəfə açıq kosmosa çıxış həyata keçirilib. Bu foto strukturun mənşəyi ilə bağlı müzakirələrə yeni təkan verib.
O vaxtdan etibarən Rişat strukturu “Saxaranın gözü” adlandırılmağa başlayıb. Yuxarıdan baxdıqda aydın görünən, demək olar ki, mükəmməl konsentrik dairələrə bənzər formaları bir çox insanda bu quruluşun hansı təbii qüvvələrin təsiri ilə yarandığı barədə suallar doğurub.
Rişat strukturu nədir?
Məlumata görə, Saxara səhrasının Mavritaniya hissəsində, Adrar yaylasında yerləşən bu obyekt konsentrik dairələr şəklində düzülmüş qayalıq formasiyadan ibarətdir. Onun mənşəyi ilə bağlı müxtəlif fərziyyələr irəli sürülüb. Bu fərziyyələr arasında Yerin dərinliklərindən ərimiş süxurların yuxarı qalxması və göy cisminin Yerə düşməsi ehtimalları da var.
1952-ci ildə təbiətşünas Teodor Mono Rişat strukturunun yaxınlığında, Mavritaniya səhrasında üç böyük zərbə krateri aşkar edib. Bunlar Auelul, Temimişat-Qallaman və Tenumer kraterləridir.
1948-ci ildə coğrafiyaşünas Jak Riçar-Molar Rişat strukturunun maqmanın Yer qabığından yuxarı qalxması nəticəsində yarandığını irəli sürmüşdü. Lakin adıçəkilən kraterlərin aşkar edilməsindən sonra Rişat strukturunun da meteorit zərbəsi nəticəsində yarana biləcəyi barədə fikir ortaya çıxmışdı.
Bununla belə, 1969-cu ildə amerikalı geoloq Robert Fudali Rişat strukturunun digər üç krater kimi zərbə krateri olmadığını sübut edib. Bu quruluş meteoritin düşməsi nəticəsində yaranmayıb.
2005-ci ildə “Geology” jurnalında dərc olunan məqalədə tədqiqatçılar Giyom Matton, Mişel Jebrak və Ceyms Li bu obyektin aşınmış geoloji günbəz olduğunu müəyyən ediblər. Günbəz Yerin dərinliklərindən yuxarı qalxan ərimiş süxurların yaratdığı təzyiq nəticəsində formalaşıb.
Məqalədə qeyd olunur: “Əvvəlcə bu geoloji quruluş günbəz formasında olub və milyonlarla il ərzində qum və küləyin təsiri ilə aşınıb. Nəticədə günbəz bu gün kosmosdan görünən konsentrik silsilələr sisteminə çevrilib. Ən qədim süxurlar mərkəzdə, ən gənc süxurlar isə kənarlarda yerləşir”.
Rişat strukturunun ölçüləri nə qədərdir?
Rişat strukturunun diametri 40 kilometrdir. O, o qədər böyükdür ki, Yer səthində dayanmış insan nəhəng bir dairənin daxilində olduğunu belə anlamaya bilər.
Bu geoloji quruluşun dəqiq yaşı ilə bağlı mübahisələr davam etsə də, onun insanların meydana çıxmasından on milyonlarla il əvvəl yarandığı müəyyən edilib.
Rişat strukturunda nə aşkar edilib?
Bu ərazidə Aşel mədəniyyətinə aid daş alətlər və qədim insanların burada yaşadığını göstərən digər arxeoloji tapıntılar aşkar edilib. Bunların arasında “Homo erectus” və “Homo heidelbergensis” növlərinə aid qədim insanların burada yaşayıb ov etdiyini göstərən sübutlar da var.
Tapılan alətlərin əksəriyyəti strukturun xarici halqasından əldə edilib. Burada, həmçinin Neolit dövrünə aid nizələr də aşkarlanıb.
Tədqiqatçılar Orta və Son Pleystosen dövrlərində müasir insan tərəfindən hazırlanmış daş artefaktlar, eləcə də arxeoloqlar tərəfindən hələ araşdırılmamış daş dəfn kurqanları tapıblar.
Məqalədə vurğulanır: “Burada əminliklə deyə biləcəyimiz bir şey var: qədim yunan filosofu Platonun təsvir etdiyi əfsanəvi Atlantida burada deyil. Bəzi insanlar Rişat strukturunun Platonun təxminən eramızdan əvvəl 360-cı ildə yazdığı dialoqlarda təsvir etdiyi utopik cəmiyyətin yerləşdiyi məkan ola biləcəyini düşünürlər. Lakin bu nəzəriyyəni həmin geoloji quruluşun olduqca qədim olduğunu bildirən geoloqlar asanlıqla təkzib edirlər”.
Rişat strukturu ətrafında heyvanlar aləmi
Rişat strukturu ilə bağlı tədqiqatlar əsasən geoloji xarakter daşısa da, onun Saxara səhrasının Mavritaniya hissəsində yerləşdiyini də qeyd etmək lazımdır. Səhra ölkə ərazisinin təxminən 90 faizini əhatə edir.
Bu geniş ərazilərdə vəhşi itlərdən və dəvələrdən tutmuş müxtəlif quşlara, sürünənlərə, həşəratlara və kiçik məməlilərə qədər çoxsaylı heyvan növləri yaşayır. Onların arasında qarışqalar, əqrəblər və ərəbdovşanları da var.
Aydın