
Xırdalan şəhərində maraqlı oğurluq hadisəsi baş verib. Uşaqlıqdan avtomobil sahibi olmağı arzulayan Y. İmanov bu istəyini reallaşdırmaq üçün qeyri-adi yola əl atıb.
O, gecə saatlarında başqasına məxsus “VAZ 2107” markalı avtomobili oğurlayaraq kirayədə yaşadığı evin həyətinə aparıb. Maşını işə sala bilməyəndə isə onu bir neçə gün həyətində gizlədib, hətta başqa dövlət qeydiyyat nişanı ilə də təmin edib.
Hüquq-mühafizə orqanlarına edilən şikayətdən sonra saxlanılan Y. İmanova Cinayət Məcəlləsinin 177.1-ci (oğurluq) maddəsi ilə ittiham irəli sürülüb. Cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb.
Məhkəmə materiallarına görə, hadisə Abşeron rayonu, Xırdalan şəhərində, Heydər Əliyev prospektində yerləşən “Səmayə” şadlıq sarayının yaxınlığında baş verib.
Y. İmanov həmin ərazidən piyada keçərkən yolun kənarında saxlanılan, 2004-cü il buraxılışlı, 3500 manat dəyərində “VAZ 2107” markalı avtomobili görüb. Avtomobilin qapılarının açıq olmasından istifadə edən Yunis ətrafa baxıb, yaxınlıqda heç kimin olmadığını gördükdən sonra maşını oğurlamaq qərarına gəlib.
Məhkəmədə verdiyi ifadədə o, avtomobil sahibi olmaq istəyinin uşaqlıq arzusu olduğunu bildirib. Maşını necə oğurladığına gəlincə, deyib ki, avtomobili işə salmaq üçün salonundakı naqilləri birləşdirməyə çalışsa da, buna nail ola bilməyib. Bundan sonra sürətlər qutusunu neytral vəziyyətə gətirərək avtomobili əli ilə itələməyə başlayıb.
Yolda iki gəncdən ona kömək etmələrini xahiş edib. Həmin şəxslər avtomobili müəyyən məsafəyədək itələdikdən sonra Yunis yoluna tək davam edib. Sükanı idarə edərək avtomobili Abşeron rayonu, H. Z. Tağıyev küçəsində kirayədə yaşadığı evin həyətinə aparıb və orada gizlədib.
Bununla da kifayətlənməyən Y. İmanov oğurluğu gizlətmək məqsədilə avtomobilin dövlət qeydiyyat nişanını dəyişib. İfadəsinə əsasən, o, təxminən bir ay əvvəl küçədən tapdığı başqa qeydiyyat nişanını maşına bağlayıb.
Təqsirləndirilən şəxs bir neçə gün ərzində avtomobilin mühərrikini işə salmağa çalışsa da, buna nail ola bilməyib. Nəticədə avtomobil həyətdə qalıb. Polis əməkdaşları sonradan maşını həmin ünvanda aşkar ediblər və Yunis avtomobili onlara təhvil verib.
Məhkəmədə o, avtomobili hissələrə ayırıb satmaq niyyətinin olmadığını, oğurluğu təkbaşına törətdiyini və bu barədə heç kimə məlumat vermədiyini deyib. Həmçinin əməlindən peşman olduğunu bildirib.
İşə baxılarkən Yunis İmanov zərərçəkmişə dəymiş zərəri tam ödədiyini və onunla barışdığını söyləyərək məhkəmədən yüngül cəza təyin edilməsini xahiş edib. Məhkəmə iclasında iştirak etməyən zərərçəkmişlə telefon əlaqəsi saxlanılıb. O da zərərin tam ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirib.
Abşeron Rayon Məhkəməsinin hökmü ilə Y. İmanov 2 il müddətinə azadlıqdan məhrum edilib.
Seyid