Xəbər lenti

Fransadakı hadisələrin pərdəarxası: Avropa üçün 5 kritik xəbərdarlıq
Dünya11:34 21.10.2026

Fransadakı hadisələrin pərdəarxası: Avropa üçün 5 kritik xəbərdarlıq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Hürriyet” qəzetinin köşə yazarı Gökçə Aytulu Fransada başlayan və qısa müddətdə zorakılıq hadisələrinə çevrilən etirazları Avropadakı iqtisadi, sosial və siyasi problemlər kontekstində qiymətləndirib.

Qaynarinfo xəbər verir ki, etirazların yalnız təhsil siyasəti ilə məhdudlaşmadığını bildirən Aytulu Avropanın rifah modelinin aşınmasına, yaşayış xərclərinin artmasına, sosial hüquqların geriləməsinə, mərkəzçi siyasətə inamın azalmasına və ictimai asayişlə bağlı müzakirələrə diqqət çəkib. O, Fransadakı hadisələrin digər Avropa ölkələrinə də yayıla biləcəyini və mövcud vəziyyətin ifrat sağçı partiyaların güclənməsinə zəmin yarada biləcəyini qeyd edib.

Fransada məktəb şagirdlərinin başlatdığı aksiyaların qısa müddətdə zorakılıq burulğanına çevrilməsi təəccüblü deyil. Hadisələrin ilk günlərində bu etirazların Avropa miqyasında yayıla biləcəyinə diqqət çəkmişdim. Hesab edirəm ki, bu ehtimal hələ də kifayət qədər realdır. Çünki bu gün Fransada təhsil hüquqları üzərindən Avropanın açıq şəkildə aşınmaqda olan rifah modeli sorğulanır.

Eyni problem İspaniyada mənzil böhranı, İtaliyada isə fermerlərin və aztəminatlı əhalinin üzləşdiyi çətinliklər fonunda üzə çıxır. Ən çox qorxulan ssenari isə Avropanın demək olar ki, hər yerində fəlakətə səbəb ola biləcək miqrantlarla bağlı qarşıdurmadır. Bu gün Almaniyadan Britaniyaya qədər sosial şəbəkələrdəki nifrət qrupları, eləcə də dar düşüncəli ənənəvi media bu mövzunu məsuliyyətsiz şəkildə qızışdırır.

Məhz bu baxımdan Fransada baş verənlərdən bir neçə nəticə çıxarmaq lazımdır.

1. Məsələ təkcə təhsil deyil

Qısa müddətdə zorakılıq burulğanına çevrilən etirazlar fundamental bir məqama işarə edir: Fransanın vaxtilə cəmiyyəti ön planda tutan dövlət sistemi artıq “orta statistik vətəndaşın” ehtiyaclarına cavab vermir. Gənclər ön sıradadır, yaşlılar narazıdır, problemlər isə ortaqdır.

2. Qısa müddətdə həll görünmür

İşin mənfi tərəfi odur ki, yaxın gələcəkdə gözləntiləri dəyişdirə biləcək heç bir əlamət görünmür. Əhali qocalır, istehsalın artımı zəifləyir, büdcədə təhsil xərcləri, pensiyaçıların hüquqları və aztəminatlı təbəqə üçün ayrılan vəsaitlər getdikcə daha çox ixtisar edilir.

3. Siyasət inandırıcılığını itirib

Prezidentlik müddətinin son mərhələsində olan və siyasi baxımdan “şikəst ördək” vəziyyətinə düşən Emmanuel Makron bu problemlə üzləşən yeganə lider deyil. Bu gün Avropanın demək olar ki, hər yerində mərkəzçi siyasi partiyaların rəhbərləri oxşar aqibətlə qarşılaşırlar.

4. Zorakılıq və nizamsızlıq qalib gəlir

Etirazların ilk günlərində şagirdlərə qarşı qeyri-mütənasib güc tətbiq edərək xəsarətlərə səbəb olan Fransa polisi sonrakı günlərdə talanların və radikal aksiyaların qarşısında aciz qaldı. Yaranmış mənzərəni Avropada dövlətə olan inamın aşınmasının təzahürü hesab etmək olar.

5. İfrat sağçılar üçün fürsət yarana bilər

Bütün bu hadisələr “dənizə düşən ilana sarılar” deyimini təsdiqləyirmiş kimi ifrat sağçı qüvvələrin xeyrinə işləyə bilər. Avropanın yaxın tarixində xaosdan çıxış yolu kimi nizam-intizamı bərpa etmək adı altında faşizmə doğru sürüşmə baş verib. Bu gün də ifrat sağçı partiyalar oxşar ssenarinin reallaşmasını gözləyirlər.

Aydın