Xəbər lenti

İş stresi ailənizə də təsir edə bilər - Tükənmişliyin 4 əlaməti və çıxış yolu
Ölkə23:59 20.10.2026

İş stresi ailənizə də təsir edə bilər - Tükənmişliyin 4 əlaməti və çıxış yolu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Səhərlər oyanmaq istəmirsinizsə, özünüzü yorğun, yetərsiz hiss edir və daim maneələrlə qarşılaşdığınızı düşünürsünüzsə, tükənmişlik sindromu ilə üzləşə bilərsiniz. Psixiatriya üzrə mütəxəssis, doktor Talat Sarıkavak bu sindromun əlamətləri və onunla mübarizə yolları barədə məlumat verib.

Qaynarinfo xəbər verir ki, tükənmişlik sindromu çox vaxt depressiya ilə qarışdırılır. Bu isə antidepressantlardan lazımsız və həddindən artıq istifadəyə səbəb ola bilər. Mütəxəssis tükənmişliklə mübarizə üçün dörd əsas addımı tövsiyə edir.

İlk növbədə, insana müsbət təsir göstərən məşğuliyyətlərə vaxt ayırmaq vacibdir. İş saatlarından kənarda fərqli fəaliyyətlərlə məşğul olmaq, müntəzəm gəzintiyə çıxmaq, əl işləri ilə məşğul olmaq və ya kitab oxumaq üçün qruplara qoşulmaq zehni yeniləməyə kömək edə bilər.

Digər mühüm addım ekran qarşısında keçirilən vaxtı məhdudlaşdırmaqdır. Rəqəmsal yorğunluq beynin daim gərgin vəziyyətdə qalmasına səbəb ola bilər. Xüsusilə axşam saatlarında ekran istifadəsini azaltmaq və yuxu rejimini qorumaq orqanizmin stress yükünü yüngülləşdirmək baxımından əhəmiyyətlidir.

Stressin idarə olunmasını öyrənmək də tükənmişliklə mübarizədə mühüm rol oynayır. Şüurlu fərqindəlik (mindfulness) əsaslı stressazaldıcı üsullar emosional yorğunluğu qısamüddətli yüngülləşdirməyə və insanın diqqətini indiki ana yönəltməsinə kömək edə bilər.

Bununla belə, uzunmüddətli yaxşılaşma üçün psixoterapiyadan yararlanmaq tövsiyə olunur. Psixoterapiya insanın hadisələri həddindən artıq mənfi qiymətləndirmə meylini, mükəmməlliyyətçiliyini və şəxsi sərhədlər qoymaqda yaşadığı çətinlikləri aradan qaldırmağa, daha sağlam mübarizə bacarıqları və psixoloji dözümlülük formalaşdırmağa kömək edə bilər.

Mütəxəssis iş stresini evə daşımamağın da vacibliyini vurğulayır. Tükənmişlik iş mühitindən ailə həyatına keçərək həyat yoldaşının və uşaqların psixoloji vəziyyətinə mənfi təsir göstərə bilər. Araşdırmalara görə, stressini evə daşıyan insanların həyat yoldaşlarında da oxşar tükənmişlik əlamətləri və iş qabiliyyətinin azalması müşahidə oluna bilər.

İşdən sonra zehni olaraq iş mühitindən uzaqlaşmaq, evdə iş barədə danışmağa sərhəd qoymaq və ailə ilə ünsiyyətə vaxt ayırmaq həm fərdin psixoloji vəziyyətini, həm də ailə münasibətlərini qorumağa kömək edir.

Günay