
Məşhur amerikalı aktrisa Denis Riçards ikinci evliliyi ilə bağlı yeni qalmaqallı açıqlamalar verib. Aktrisa həyat yoldaşı Aaron Faypersin onu işçilərindən biri ilə aldatdığını, ən ağrılı məqamın isə həmin qadına özü maaş ödəməsi olduğunu bildirib.
Qaynarinfo xəbər verir ki, 55 yaşlı aktrisa bu barədə “The Jenny McCarthy Wahlberg Show” proqramında danışıb.

Riçardsın sözlərinə görə, ərinin iş yerində çalışan və onunla gizli münasibət yaşayan qadının maaşı, eləcə də kompensasiyası aktrisanın vəsaiti hesabına ödənilib. “Aaronın iş yerində onunla gizli münasibət yaşayan bir qadın var idi. Həmin qadın onun işçisi idi. Mən onun maaşını və kompensasiyasını ödəmişəm”, deyə aktrisa etiraf edib. O, keçmiş ərinin belə bir münasibəti gizlədərək onun üzünə necə baxa bildiyini anlamadığını söyləyib.
Çarli Şinlə ilk evliliyi də qalmaqallarla yadda qalan Riçardsın Aaron Fayperslə münasibəti də məhkəmə mübahisələri ilə nəticələnib. Bir ildən artıqdır davam edən boşanma prosesində aktrisa ərinin ona fiziki və emosional zorakılıq göstərdiyini iddia edib. Riçardsın sözlərinə görə, keçmiş həyat yoldaşı onu hədələyib, hətta boğmağa cəhd edib. Aktrisa bu iddialarla bağlı məhkəməyə müraciət edib və Faypers barəsində uzaqlaşdırma qərarı alıb.

Maliyyə mübahisələri də boşanma prosesinin əsas mövzularından birinə çevrilib. Faypers gəlirinin olmadığını bildirərək Riçardsın qazancından pay tələb edib. O, aktrisanın abunəlik əsasında fəaliyyət göstərən internet platformasından ayda 200-300 min dollar qazandığını iddia edib və həmin gəlirin yarısının ona çatmalı olduğunu irəli sürüb.
Riçards həmçinin keçmiş ərinin şəxsi fotolarını internetdə yaydığını və bunun onun ailə həyatına ciddi təsir göstərdiyini iddia edib. Bu ittihamlarla bağlı tərəflərin mövqeləri və məhkəmə prosesinin yekun nəticəsi barədə əlavə məlumat verilməyib.

Qeyd edək ki, Denis Riçards 2002-2006-cı illərdə aktyor Çarli Şinlə evli olub. Onların iki qızı var. Aktrisa daha sonra bir qız uşağını da övladlığa götürüb.
Aydın