
İnsanlığın gələcəyinə dair dərc olunan yeni araşdırma qarşıdakı illərlə bağlı diqqətçəkən mənzərə ortaya qoyub. Mütəxəssislər dünya üzrə insanların sağlamlığını və ömür uzunluğunu təhdid edən 17 böyük riski sıralayıb, onların bəzilərinin reallaşacağı təqdirdə yarana biləcək nəticələrə diqqət çəkiblər.
Qaynarinfo xəbər verir ki, “The Guardian” qəzetinin məlumatına görə, Almaniyanın paytaxtı Berlində keçirilən Dünya Sağlamlıq Sammitində təqdim olunan hesabat 35 mütəxəssisin üç il ərzində apardığı araşdırmalar əsasında hazırlanıb.
Araşdırmada nüvə müharibəsi, süni intellektdən zərərli məqsədlər üçün istifadə, iqlim böhranı və səhiyyə sistemlərinə təsir göstərən qlobal problemlər kimi ssenarilər yer alıb.
Bununla belə, hesabatdakı ən mühüm xəbərdarlıqlardan biri bugündən görüləcək tədbirlərin gələcəkdə baş verə biləcək itkilərin miqyasını dəyişə biləcəyinə aiddir.
Qorxunc ssenarilər arasında
Araşdırmada başvermə ehtimalı aşağı qiymətləndirilsə də, nəticələri son dərəcə dağıdıcı ola biləcək iki təhlükə ön plana çıxarılıb: nüvə müharibəsi və süni intellektdən zərərli məqsədlərlə istifadə.
Mütəxəssislərin fikrincə, nüvə münaqişəsi təkcə müharibənin baş verdiyi bölgələrə deyil, bütün dünyaya təsir göstərə biləcək nəticələrə səbəb ola bilər. Atmosferdə yaranacaq dəyişikliklər nəticəsində kənd təsərrüfatı istehsalının pozulması və qlobal miqyasda aclığın baş verməsi mümkün ssenarilər sırasındadır.
Süni intellektlə bağlı isə bu texnologiyadan bioloji silahların hazırlanması və ya istifadəsi məqsədilə sui-istifadə edilməsi ehtimalına xüsusi diqqət yetirilir. Hesabatda süni intellektin köməyi ilə hazırlanan bioloji silahların bəşəriyyət üçün misli görünməmiş fəlakətə səbəb ola biləcəyi barədə xəbərdarlıq edilir.

17 risk müəyyən edilib
Hesabatda sadalanan təhdidlər yalnız böyük müharibələr və texnoloji fəlakətlərlə məhdudlaşmır. Havanın çirklənməsi, antimikrob dərmanlara qarşı davamlılıq, uşaqlar arasında qidalanma çatışmazlığı, iqlim böhranı, ənənəvi silahlı münaqişələr və xarici yardımların azaldılması da insan sağlamlığını təhdid edən amillər sırasındadır.
İqtisadi şərait də bu risklərin təsirini dəyişir. Yüksək gəlirli bölgələrdə piylənmə və psixi sağlamlıq problemləri ön plana çıxırsa, aşağı gəlirli ərazilərdə təhsil səviyyəsinin aşağı olması sağlamlığa təhlükə yaradan mühüm amillərdən biri kimi qiymətləndirilir.
2100-cü ilədək insanlığın sonuna gətirib çıxara bilər
Araşdırmanın ən diqqətçəkən xəbərdarlıqlarından biri beynəlxalq səhiyyə yardımlarının mümkün azalması ilə bağlıdır. ABŞ və Böyük Britaniya da daxil olmaqla, bir sıra yüksək gəlirli ölkələrin son illərdə xarici yardım büdcələrini azaltması qlobal səhiyyə üçün ciddi risk hesab edilir.
Mütəxəssislərin hesablamalarına görə, beynəlxalq səhiyyə yardımlarının azalması və ya tamamilə dayanması 2100-cü ilədək milyardlarla sağlam həyat ilinin itirilməsinə səbəb ola bilər. Bu itkilərin təxminən 70 faizinin Saxaradan cənubda yerləşən Afrikada qeydə alına biləcəyi proqnozlaşdırılır.
Həmin region uşaqlar arasında qidalanma çatışmazlığı böhranından ən çox əziyyət çəkən ərazilər sırasındadır. Buna görə də yardım büdcələrinin azaldılmasının, xüsusilə səhiyyə xidmətlərinə çıxışın məhdud olduğu bölgələrdə uzunmüddətli nəticələrə səbəb ola biləcəyi bildirilir.
Gələcəyi hələ də dəyişmək mümkündür
Komissiya üzvləri hesabatın məqsədinin insanları qorxutmaq deyil, dünya liderlərini indidən hərəkətə keçməyə təşviq etmək olduğunu vurğulayırlar.
Mütəxəssislərin fikrincə, iqlim böhranı çərçivəsində temperatur artımının məhdudlaşdırılması və texnoloji yeniliklərə investisiyaların artırılması kimi addımlar milyardlarla sağlam həyat ilinin qorunmasına kömək edə bilər.
Araşdırmada hökumətlərin qabaqlayıcı tədbirlərə, risklərin qarşısının alınmasına və fövqəladə vəziyyətlərə hazırlığa büdcə ayırmasının vacibliyi də qeyd olunur.
Mütəxəssislərin əsas mesajı aydındır: təhlükələrin miqyası nə qədər böyük olsa da, bu gün qəbul edilən qərarlar gələcəkdə baş verəcək hadisələrin gedişatını dəyişə bilər.
Aydın