XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Ölümlə çarpışarkən mənə lağ edirdi" - Məşhur aktyordan keçmiş arvadına ittiham
Maqazin23:59 09.10.2026

"Ölümlə çarpışarkən mənə lağ edirdi" - Məşhur aktyordan keçmiş arvadına ittiham

Hollivud ulduzları Co Manganyello və Sofiya Verqaranın boşanması ilə bağlı yeni iddialar ortaya çıxıb. Verqara ayrılığın səbəbini uşaq sahibi olmaq məsələsindəki fikir ayrılığı ilə əlaqələndirsə də, keçmiş həyat yoldaşı münasibətlərinin sona çatmasının arxasında başqa səbəblərin dayandığını iddia edir.

Qaynarinfo xəbər verir ki, bu barədə “People” jurnalı aktyorun qarşıdan gələn “Bloodlines” adlı xatirələr kitabından yayımlanan hissələrə istinadən məlumat yayıb.

Manganyellonun sözlərinə görə, o, evlilikləri dövründə həyatı üçün təhlükə yaradan xəstəliklə mübarizə apararkən Verqaradan gözlədiyi dəstəyi görməyib. Aktyor ağır vəziyyətdə olduğu vaxtlarda keçmiş həyat yoldaşının onu qucaqlamaq belə istəmədiyini iddia edib.

49 yaşlı aktyor kitabında 2019-cu ildə yaşadığı psixoloji çətinliklərdən də bəhs edib. O, intihar düşüncələri səbəbindən silahından qurtulmalı olduğunu və həmin dövrdə həyatına Bubbles adlı kiçik itin daxil olduğunu yazıb. Manganyellonun sözlərinə görə, xəstə olduğu vaxt bu heyvana qayğı göstərmək onun üçün xüsusi əhəmiyyət daşıyıb.

Uşaq məsələsi ilə bağlı fərqli açıqlamalar

54 yaşlı Sofiya Verqara daha əvvəl ayrılığın səbəbinin uşaq sahibi olmaq məsələsindəki fikir ayrılığı olduğunu bildirmişdi. Aktrisa yaşının artdığı bir vaxtda yenidən ana olmaq istəmədiyini və bunun gələcək uşaq üçün ədalətli olmayacağını düşündüyünü demişdi.

Manganyello isə öz növbəsində, səhhətindəki problemlərin bu qərara təsir etdiyini iddia edir. Onun sözlərinə görə, cütlük süni mayalanma cəhdləri uğursuz olduqdan sonra yumurta donoru variantını da nəzərdən keçirib. Lakin aktyor xəstəliyi səbəbindən həyatını itirəcəyi təqdirdə Verqaranı bioloji baxımdan özünə aid olmayan uşaqla tək qoymaq istəmədiyini bildirib.

Qeyd edək ki, Verqaranın ilk evliliyindən 34 yaşlı Manolo adlı oğlu var.

Aktyor yeddi il ərzində 27 kiloqram arıqlayıb

Manganyello səhhətindəki problemlərin 2015-ci ildə Verqara ilə evlənməsindən qısa müddət sonra başladığını söyləyib. Onun sözlərinə görə, güclü qarın ağrıları, dəridə maye ilə dolu səpkilər, baş ağrıları, halsızlıq və düz bağırsaqdan qanaxma kimi simptomlar yaşayıb.

Aktyor sonrakı yeddi il ərzində təxminən 27 kiloqram arıqladığını, dəfələrlə kolonoskopiyadan keçdiyini və 2016-cı ildə bağırsağının bir hissəsinin çıxarıldığı təcili əməliyyat olunduğunu açıqlayıb. Əməliyyatdan sonra ifrazatın toplanması üçün ostomiya torbasından istifadə etməli olduğunu da bildirib.

Manganyellonun sözlərinə görə, dərman müalicələri nəticə vermədikdən sonra o, Santa-Monikada şamana müraciət edib. Aktyor sonrakı dövrdə vəziyyətinin yaxşılaşdığını və həzm sisteminin bərpası üçün əlavə əməliyyat keçirdikdən sonra simptomlarının aradan qalxdığını iddia edib.

Yeni münasibətində xoşbəxt olduğunu deyir

Sofiya Verqaradan boşandıqdan sonra Keytlin O’Konnorla münasibətə başlayan Manganyello hazırda nişanlısından aldığı dəstəyə görə minnətdar olduğunu bildirib. Aktyor onların gələcəkdə uşaq sahibi olmaq ehtimalını da nəzərdən keçirdiklərini açıqlayıb.

“Yeddi il ərzində hər həftə növbəti həftə öləcəyimi düşünürdüm. Dünya mənim üzümə yenidən qapılarını açdı”, – deyə o bildirib.

Xatırladaq ki, Co Manganyello və Sofiya Verqara 2015-ci ildə evlənib, 2023-cü ildə isə ayrıldıqlarını açıqlayıblar. Boşanmanın səbəbləri ilə bağlı tərəflərin mövqeləri fərqlənir. Manganyellonun keçmiş həyat yoldaşı barədə səsləndirdiyi fikirlər onun şəxsi açıqlamalarına əsaslanır və müstəqil şəkildə təsdiqlənməyib.

Aydın