Zəng gəlir.
- Əvəz vəfat edib...
Bir neçə saniyə susuram. Sanki bu cümlənin ardı gəlməlidir. Gəlmir.
Düşünürəm - son bir neçə ayda xərçəngdən ölən neçənci jurnalistdir?
Saymaq istəmirəm.
Çünki hər ad bir az da özünə yaxınlaşmaqdır.
Axı mən də xərçəngəm...
İnsanın öz ölümü haqqında düşünməsi qəribədir. Ölüm xəbərləri əvvəlcə həmişə başqalarına gəlir. Sonra adlar çoxalır, məsafə azalır. Bir gün anlayırsan ki, başqasının başına gələn artıq yalnız başqasının başına gələn deyil, sənə verilən mesajdır.
Aydın Məmmədovun bir fikri var - “OLUМ adlı çıxış nöqtəsindən ÖLÜМ adlı bir nöqtəyə hey yaxınlaşırıq”.
Bu cümlə adamı yaxasından tutur. Çünki biz həyatı başlanğıcdan hesablayırıq. Son nöqtəni isə görməməzliyə vururuq. Doğulduğumuz günü bilirik. Öləcəyimiz günü yox. Halbuki hər gün bir az da yaxınlaşırıq.
Aydın Məmmədovun “əhdi kəsilmiş atları güllələyirlər” obrazı da burada yada düşür. At tükənib. Ayaqları onu daşımır. Nəfəsi çatmır. Amma yarış davam edir.

“Yorulmuş atları güllələyirlər, elə deyilmi?” filmində musiqi çalınır, bezmiş rəqqaslar rəqs edir, amma ayaqlar sürünür, bədənlər daha bir addım belə atmaq istəmir. Amma yenə də dayanmaq olmur. Bəzən biz də belə yaşayırıq. Qaçırıq. Pulun dalınca, vəzifənin, şöhrətin, alqışın. Sonra bir gün nə üçün qaçdığımızı unuduruq.
İnsan əvvəl hər şeyi ilk dəfə yaşayır. İlk baxış. İlk öpüşün ləzzəti. İlk sevgi. İlk acı. İlk sevişmənin ləzzəti. Sonra o ləzzətə də alışırıq.
İlk ayrılıq. İlk ölüm xəbəri. Sonra alışırsan. Əvvəl ölüm xəbəri adamın içindən keçir. Sonra xəbərlər çoxalır. Eyni cümlələr. Eyni yaslar. Eyni “Allah rəhmət eləsin”lər.
Bir gün fərq edirsən ki, ölüm xəbərləri əvvəlki kimi vahiməli gəlmir. Ölüm dəyişməyib. Biz ona alışmışıq. Bəlkə də ən qorxulusu budur.
“Vəfat edib”. İki söz. Bir ömür iki sözə sığır.
Bəzən düşünürəm, ölüm xəbərləri bizə gələn məktublardır. Hələ bizim adımız yazılmayıb. Amma ünvan bizim ünvan göstərilib axı. Ən qəribəsi budur ki, məktub gələndə ölən haqqında düşünürük. Halbuki o məktublar bizi həyata qaytarmalıdır. Dostuna zəng etməyi sabaha saxlama.
Sevdiyin adama “səni sevirəm” demək üçün xüsusi gün gözləmə. Küsməyə sərf etdiyin vaxtın da öz ömründən getdiyini unutma.
Xəstəlik bunu insana daha tez öyrədir. Bir gün qarşında bir söz dayanır və illərlə böyük hesab etdiyin çox şey birdən kiçilir. Gözün başqa şeyləri seçir. Səhər işığını. Dostun səsini. Köhnə mahnını. Pəncərədən gələn küləyi. Uşağın gülüşünü. Həyatın özünü.
Biz ölümü həyatın əksi hesab edirik. Bəlkə də deyil. Bəlkə ölüm həyatın o biri qapısıdır. Bizim “son” dediyimiz nöqtə başqa bir başlanğıcın astanasıdır.

İnanıram ki, qapının arxasında qaranlıq yox, uca bir nur bizi gözləyir və insan bütün ömrüboyu həmin nura doğru gedir.
Bəzən insan çox “yaşayır”, amma yaşamır. Bəzən qısa bir ömür kiminsə yaddaşında illərlə işıq saçır. Son nöqtənin harada olması bizim ixtiyarımızda deyil. Amma ora qədər nə qoyub getdiyimiz bir az bizim əlimizdədir.
Yenə zəng gəlir. Sonra səssizlik. Amma həyat susmur.
Bir uşaq qaçır. İki gənc gülür. Kimsə sevdiyinin əlindən tutur. Bir ana övladını gözləyir. Haradasa biri dünyaya gəlir, haradasa biri son nəfəsini verir. Biz isə hələ buradayıq. Bu, az şey deyil.
Bəlkə nikbinlik ölümün olmadığını düşünmək deyil. Ölümün varlığını bilə-bilə həyata inanmaqdır. OLUМ adlı çıxış nöqtəsindən ÖLÜМ adlı bir nöqtəyə doğru gedirik. Hələ buradayıq. Odur ki, bağışlayaq. Yazaq. Zəng edək. Bir-birimizin əlindən tutaq. Səhər pəncərəni açaq. Və içimizdə sakitcə deyək: "Şükür, mən hələ buradayam…"
Sonra bir gün yenə zəng gələcək. Bu dəfə zəng bizə olmayacaq. Bizim adımız səslənəcək. Bunu bilirik. Amma o günə qədər yaşamaq bizim əlimizdədir.
Bəlkə, çox sonra, yolun o biri başında anlayacağıq: OLUМ-dan ÖLÜМ-ə getməmişik. Sadəcə bir nurdan o biri nura keçmişik.
Bəlkə də bizə “Ölümün xeyir” deyiləcək…
Bəlkə də ölümü sevəcəyik…
Azər Rəşidoğlu
Şərhlər