Xəbər lenti

Prezident İlham Əliyev Azərbaycan Respublikasının televiziya və radio işçilərini təbrik edib
Siyasət19:56 15.11.2026

Prezident İlham Əliyev Azərbaycan Respublikasının televiziya və radio işçilərini təbrik edib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Prezident İlham Əliyev Azərbaycan Respublikasının televiziya və radio işçilərini təbrik edib.

Qaynarinfo xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli radio və televiziya işçiləri, Azərbaycan radiosunun yaranması milli mətbuat və mədəniyyət tariximizin mühüm hadisələrindən biridir. 1926-cı il noyabrın 6-da ilk dəfə efirə çıxan Azərbaycan radiosu ötən əsr ərzində xalqımızın ictimai-siyasi, mədəni və mənəvi həyatının ayrılmaz hissəsinə çevrildi. Radio uzun illər insanların əsas informasiya mənbəyi olmaqla yanaşı, milli musiqimizin, ədəbiyyatımızın, dilimizin və mənəvi dəyərlərimizin qorunub yaşadılmasına mühüm töhfələr verdi.

Azərbaycan televiziyasının fəaliyyətə başlaması ilə informasiya məkanımızda yeni mərhələnin əsası qoyuldu. Televiziya cəmiyyətin maariflənməsində, milli-mədəni irsimizin təbliğində, ictimai rəyin formalaşmasında və ölkəmizdə baş verən mühüm hadisələrin geniş auditoriyaya çatdırılmasında xüsusi rol oynadı və oynamaqdadır. Radio və televiziya bu gün də dövlətçilik ənənələrimizin, milli kimliyimizin və Azərbaycan həqiqətlərinin təbliği, həmçinin ölkəmizə qarşı ideoloji hücumların qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır.

Ümummilli Lider Heydər Əliyevin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur. Onun rəhbərliyi və dəstəyi ilə milli televiziya və radio yayımının maddi-texniki bazasının möhkəmləndirilməsi, yaradıcı potensialının artırılması, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm addımlar atılıb. Heydər Əliyev teleradionu xalqla dövlət arasında mühüm əlaqə vasitəsi, milli birliyin və ideoloji bütövlüyün qorunmasında təsirli platforma kimi qiymətləndirirdi.

Bu gün Azərbaycan radio və televiziyası müasir texnologiyaların imkanlarından yararlanaraq öz fəaliyyətini yeni dövrün tələblərinə uyğun qurur, ölkəmizin uğurlarını, zəngin mədəniyyətini və milli maraqlarını geniş auditoriyaya çatdırır. Bu məsuliyyətli və şərəfli işdə çalışan hər bir əməkdaşın zəhməti xüsusi təqdirəlayiqdir.

İnanıram ki, milli radio və televiziyamız bundan sonra da obyektivliyin, peşəkarlığın və milli-mənəvi dəyərlərə sədaqətin nümunəsi olacaq, Azərbaycan cəmiyyətinin inkişafına və dövlətçiliyimizin möhkəmlənməsinə layiqli töhfələr verəcəkdir.

Bir daha sizi milli radio və televiziya yayımının əlamətdar yubileyi münasibətilə ürəkdən təbrik edir, yeni yaradıcılıq uğurları, tükənməz enerji və fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram".