
ABŞ-ın əsas nüvə rəqibləri sualtı donanmalarını sürətlə genişləndirirlər. Çin atom sualtı qayıqlarının sayını artırmaqla yanaşı, okeanların öyrənilməsinə və sualtı müşahidə sistemlərinin inkişafına da böyük sərmayə yatırır. Rusiya isə strateji raket daşıyıcıları və müasir sualtı silahlar üzərində işlərini davam etdirir.
Qaynarinfo xəbər verir ki, bu barədə “Interesting Engineering” nəşrinin ABŞ Hərbi Dəniz Qüvvələrinin açıqlamalarına əsaslanan təhlilində bildirilib.
Məlumata görə, Çin son dörd il ərzində “Shang III” layihəsinə aid səkkiz atom sualtı qayığını donanmaya daxil edib. ABŞ-ın qiymətləndirməsinə əsasən, ölkənin gəmiqayırma müəssisələri bu istehsal tempini ən azı növbəti on il ərzində saxlaya bilər. Bu müddətdə daha 20-40 belə və ya daha müasir sualtı qayığın inşa edilməsi ehtimal olunur.
“Shang III” sinfinə aid sualtı qayıqlar Çinin ən qabaqcıl modelləri sırasındadır. Onlarda səs-küyün azaldılması sistemi və mühərrik qurğusu təkmilləşdirilib. Bu sualtı qayıqlar 24 raket buraxılış qurğusu ilə təchiz olunub. Çin eyni zamanda qanadlı raketlər və ballistik raketlər daşıya bilən yeni atom sualtı qayıqları üzərində də çalışır.
ABŞ Sakit okean donanmasının sualtı qüvvələrinə rəhbərlik edən kontr-admiral Kris Kavana bildirib ki, təhlükə təkcə sualtı qayıqların sayının artması ilə məhdudlaşmır. Bu texnikanın imkanları genişləndirilir, əlavə infrastruktur və sualtı müşahidə şəbəkələri yaradılır. Pekin dəniz dibinin xəritələşdirilməsi, okeanoqrafik tədqiqatlar və pilotsuz sualtı aparatların hazırlanmasına da diqqət ayırır.
Rusiyanın sualtı donanması da genişlənir
Rusiya dənizdəki nüvə çəkindirmə strategiyasında “Borey” sinifli sualtı qayıqlara xüsusi əhəmiyyət verir. “Yasen” sinfinə aid gəmilər isə qanadlı raketlər də daxil olmaqla, müxtəlif silah sistemləri ilə təchiz olunub. Bu sualtı qayıqlarda səs-küyün azaldılmasına imkan verən texnologiyalardan istifadə edilir.
Bundan başqa, Rusiyanın nüvə başlığı daşıya bilən “Poseydon” adlı pilotsuz sualtı aparat hazırladığı bildirilir. “Status-6” adı ilə də tanınan bu sistem uzaq məsafələrdə sualtı əməliyyatlar aparmaq üçün nəzərdə tutulub.
Şimali Koreya da atom sualtı qayığı hazırlayır
Şimali Koreyanın da sualtı donanmasını inkişaf etdirmək istiqamətində proqram həyata keçirdiyi qeyd olunur. Pxenyan yeni atom sualtı qayığının layihəsini təqdim edib, torpedo və hərəkət sistemləri sahəsində nailiyyətlər əldə etdiyini açıqlayıb. Bununla belə, ölkənin bu sahədəki imkanları ilə bağlı müstəqil qiymətləndirmələr hələ mövcud deyil.
Nəşrin təhlilinə görə, ABŞ-ın əsas rəqibləri sualtı donanmalarını yalnız yeni gəmilərlə deyil, həm də onları dəstəkləyən texnologiya və infrastrukturla gücləndirirlər. Bu proses Sakit okean regionunda hərbi rəqabətin daha da kəskinləşməsinə səbəb ola bilər.
Aydın