Xəbər lenti

Kosmosda alimlərin diqqətini çəkən obyekt itkin düşən sovet aparatı ola bilər
Dünya21:14 14.11.2026

Kosmosda alimlərin diqqətini çəkən obyekt itkin düşən sovet aparatı ola bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yerə yaxın asteroid kimi tanınan 1998 KY26 adlı göy cisminin qeyri-adi hərəkətləri alimlərin diqqətini cəlb edib. Təxminən 11 metr ölçüsündə olan obyektin gözlənilməz sürətlənməsi onun təbiəti ilə bağlı yeni fərziyyələr yaradıb. Maraqlı iddialardan biri isə bu cismin 1988-ci ildə kosmosda itən sovet kosmik aparatı olmasıdır.

Qaynarinfo xəbər verir ki, bu barədə “CHIP” nəşri məlumat yayıb.

Corciya Texnologiya İnstitutunun tədqiqatçıları 1998 KY26-nın hərəkətini araşdırarkən onun sürətlənməsinin adi cazibə qüvvəsi ilə izah olunmadığını müəyyən ediblər. Göy cismi öz oxu ətrafında cəmi 5,35 dəqiqəyə bir dövr edir.

Tədqiqatçılar Korbin Hansen və Masatoşi Hirabayashinin “Icarus” jurnalında dərc olunan araşdırmasına əsasən, obyektin daxilindəki buzun qaz buraxması nəticəsində sürətlənməsi ehtimalı zəifdir. Hesablamalar göstərir ki, cismin ən soyuq bölgələrində belə temperatur buzun uzun müddət qorunması üçün tələb olunan həddən yüksəkdir.

Harvard Universitetinin professoru Avi Loeb isə daha fərqli ehtimal irəli sürüb. Onun fikrincə, 1998 KY26 təbii asteroid deyil, 1988-ci ildə Sovet İttifaqının Marsın peyki Fobosun tədqiqi üçün göndərdiyi “Phobos 1” kosmik aparatı ola bilər. Həmin aparat buraxılışından bir neçə ay sonra onunla əlaqənin kəsilməsi nəticəsində itkin düşmüşdü.

Loeb və həmkarları Adam Hibberd və Adam Crowl bu ehtimalı əsaslandırmaq üçün obyektin ölçülərini, parlaqlığını, sürətli fırlanmasını və orbitini təhlil ediblər. Onların qənaətinə görə, günəş işığının metal səthə və günəş panellərinə göstərdiyi təzyiq cismin qeyri-adi sürətlənməsini izah edə bilər.

Bununla belə, 1998 KY26-nın həqiqətən də itkin sovet aparatı olduğunu təsdiqləyən sübut yoxdur.

Obyektin sirri 2031-ci ildə açıla bilər

Göy cisminin təbiətini müəyyənləşdirmək üçün əsas fürsət 2031-ci ildə yarana bilər. Yaponiyanın “Hayabusa2” kosmik zondunun həmin obyektə yaxınlaşaraq onu tədqiq etməsi planlaşdırılır.

Əgər missiya uğurla həyata keçirilsə, təxminən 11 metr ölçüsündə olan bu göy cismi yaxından araşdırılan ən kiçik kosmik obyektlərdən biri olacaq.

Avi Loeb isə qarşılaşmanın nəticəsi ilə bağlı maraqlı proqnoz verib. Alim zarafatla deyil, irəli sürdüyü fərziyyəyə uyğun olaraq, zondun asteroid əvəzinə üzərində “SSRİ-də istehsal olunub” yazısı olan köhnə kosmik aparatın görüntülərini əldə edə biləcəyini bildirib.

Hələlik bu versiya elmi fərziyyə olaraq qalır və yekun cavab üçün əlavə müşahidələr tələb olunur.

Aydın