
ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi giriş məhdudiyyətləri “Miss Kainat-2026” beynəlxalq gözəllik müsabiqəsində iştirak etmək istəyən bir sıra afrikalı namizədlər üçün problem yaradıb. Bir neçə ölkənin təmsilçisi ABŞ vizası ala bilmədiyi üçün yarışmaya qatılmaq təhlükəsi ilə üzləşib.
Qaynarinfo “The Independent”ə istinadən xəbər verir ki, Zimbabvenin təmsilçisi Rozanna Holl ABŞ-a səfər üçün icazə almaqda çətinlik çəkdiyini bildirib.
O, noyabrın 13-də Puerto-Rikoya yola düşməli olduğunu, lakin Zimbabve vətəndaşlarına tətbiq edilən qismən giriş məhdudiyyətləri səbəbindən vizasının təsdiqlənməsini gözlədiyini açıqlayıb.
Hollun sözlərinə görə, oxşar problemlə digər afrikalı iştirakçılar da üzləşiblər. Zambiyanın təmsilçisi Pamela Mubanga isə viza çətinliklərinə görə artıq müsabiqədən çəkildiyini elan edib. Cənubi Sudanın nümayəndəsi Amiliya Denq də yarışmada iştirak edə biləcəyinə dair narahatlığını ifadə edib.
Məlumata əsasən, daha beş Afrika ölkəsinin təmsilçisi ABŞ vizası almaqda çətinlik yaşayır.
Qeyd edək ki, müsabiqənin finalı noyabrın 24-də Puerto-Rikoda keçiriləcək. İştirakçılar noyabrın 8-dən etibarən qeydiyyat üçün əraziyə gəlməyə başlayıblar, lakin viza problemləri səbəbindən bütün namizədlərin vaxtında çatacağı sual altındadır.
ABŞ Dövlət Departamentinin qərarına əsasən, 19 ölkənin vətəndaşlarına viza verilməsi tamamilə dayandırılıb, daha 19 ölkə üçün isə qismən məhdudiyyətlər tətbiq edilib. Sonuncular arasında Zimbabve, Zambiya, Nigeriya, Tanzaniya və bir sıra digər Afrika dövlətləri də var.
Aydın