
Qazaxıstanın Almatı şəhəri yaxınlığında aparılan arxeoloji qazıntılar zamanı təxminən 2200 il əvvələ aid nadir qızıl ayı fiquru aşkarlanıb. Qədim kurqanda tapılan digər insan qalıqları isə məzarın tarixi ilə bağlı yeni suallar yaradıb.
Qaynarinfo xəbər verir ki, bu barədə “CHIP” nəşri məlumat yayıb.
Tapıntı Karagaylı nekropolunda, Erkən Dəmir dövrünə aid kurqanda üzə çıxarılıb. Arxa ayaqları üzərində dayanan ayını təsvir edən kiçik qızıl heykəlciyin ön pəncələri arasında saxsı qaba bənzər əşya tutduğu görünür.
Mütəxəssislər fiqurun vaxtilə baş geyiminin bəzəyi kimi istifadə edildiyini ehtimal edirlər. Onun alt hissəsindəki dəliklər də əşyanın parçaya tikilərək bərkidildiyini göstərir.
Almatı Muzeylər Birliyinin direktoru Lyazzat Sagındıkovanın sözlərinə görə, Qazaxıstanda indiyədək bu cür qızıl ayı təsvirinə rast gəlinməyib. Tapıntının eramızdan əvvəl IV-III əsrlərdə Avrasiya çöllərində yaşamış sakların mədəniyyətinin öyrənilməsi baxımından əhəmiyyətli olduğu bildirilir.
Kurqanda yeddi nəfərin qalıqları aşkarlanıb
Arxeoloqların diqqətini çəkən digər məqam məzarda insan qalıqlarının sayıdır. İlkin araşdırmalar zamanı dörd böyük və üç uşağa aid olduğu ehtimal edilən sümüklər tapılıb.
Almatı Muzeylər Birliyinin baş elmi işçisi Marat Nurpeisov bildirib ki, bu ölçüdə kurqanlarda adətən bir və ya iki nəfər dəfn olunurdu. Buna görə də yeddi nəfərin qalıqlarının aşkarlanması xüsusi maraq doğurur.
Təxminən 2,4 metr hündürlüyündə və 26 metr enində olan kurqanın qədim dövrlərdə qarət edildiyi müəyyənləşdirilib. Naməlum şəxslər məzarda təxminən üç metr dərinliyində çuxur qazaraq çoxsaylı saxsı qabları dağıdıblar. Buna baxmayaraq, qızıl ayı fiquru salamat qalıb.
Hazırda nekropolda araşdırmalar davam etdirilir. Antropoloqların iştirakı ilə aparılacaq əlavə tədqiqatlar dəfn olunan şəxslərin kimliyini və məzarda bir neçə nəfərin basdırılmasının səbəbini aydınlaşdırmağa kömək edə bilər.
Tapıntıların bir hissəsinin araşdırmalar başa çatdıqdan sonra Almatı Muzeyində nümayiş etdirilməsi planlaşdırılır.
Aydın