
Çinin paytaxtı Pekində arxeoloqlar təxminən 1800 il əvvələ aid üç gəmi qalıqları aşkarlayıblar. Tapıntılar qədim Çində dövlətə məxsus su nəqliyyatı sisteminin mövcudluğunu təsdiqləyən nadir maddi sübut hesab olunur.
Qaynarinfo xəbər verir ki, bu barədə “Heritage Daily” nəşri məlumat yayıb.
Gəmilər müasir yer səthindən təxminən yeddi metr dərinlikdə, qədim YunDinhə çayının yatağında aşkar edilib. Onlara “Yundinhə №1”, “Yundinhə №2” və “Yundinhə №3” adları verilib. Tədqiqatçıların fikrincə, gəmilər Han və Cin sülalələri dövrünə aiddir.
Üç gəmidən ən yaxşı vəziyyətdə qorunub qalanı 14 metr uzunluğunda, 2,5 metr enindədir. Onun gövdəsində gəmini doqquz bölməyə ayıran on eninə tir aşkarlanıb.
Arxeoloqların diqqətini çəkən əsas məqamlardan biri isə gəmi hissələrində tapılan “官” heroqlifidir. Çin dilində bu işarə “dövlət” və ya “rəsmi” mənasını verir. Alimlər hesab edirlər ki, bu nişan gəmilərin dövlət qurumlarına məxsus olduğunu göstərir.
Pekin Bələdiyyə Arxeologiya İnstitutunun tədqiqatçıları ehtimal edirlər ki, gəmilər əvvəlcə çayın kənarındakı qorunan sahədə təmir üçün saxlanılıb. Daha sonra baş verən daşqın nəticəsində onlar zədələnərək su altında qalıb və qısa müddətdə lil və qum çöküntüləri ilə örtülüb.
Tapıntıların yaxşı qorunması da məhz bununla əlaqələndirilir. Su ilə doymuş çöküntülər ağac konstruksiyaları oksigenlə təmasdan qoruyaraq çürümənin qarşısını alıb.
Ərazidə gəmi qalıqları ilə yanaşı, keramika nümunələri, kirəmitlər, heyvan sümükləri və 13 santimetr uzunluğunda taxta avar maketi də tapılıb. Üçüncü gəminin yaxınlığında başsız insan skeleti aşkarlanıb. Araşdırmalar onun təxminən 25 yaşlı qadına aid olduğunu göstərib. Alimlər qadının boğulmuş ola biləcəyini ehtimal etsələr də, ölümün səbəbi hələ də dəqiqləşdirilməyib.
Mütəxəssislər radiokarbon analizləri və digər laboratoriya tədqiqatları vasitəsilə gəmilərin dəqiq tarixini və qədim çay sisteminin xüsusiyyətlərini müəyyənləşdirməyə çalışırlar. Gəmilər artıq bütöv arxeoloji obyektlər kimi çıxarılıb və qorunub saxlanılır. Gələcəkdə onların muzeydə nümayiş etdirilməsi də nəzərdə tutulur.
Aydın