Xəbər lenti

"Bild": Rusiya sülh sazişi çərçivəsində Finlandiyanın NATO-dan çıxmasını tələb edir
Dünya15:02 13.11.2026

"Bild": Rusiya sülh sazişi çərçivəsində Finlandiyanın NATO-dan çıxmasını tələb edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya Ukrayna müharibəsinin başa çatdırılması ilə bağlı mümkün sülh razılaşması çərçivəsində Avropa ölkələrinə bir sıra sərt tələblər irəli sürüb. Moskvanın təklifləri arasında Finlandiyanın NATO-dan çıxması və Baltikyanı ölkələrdə alyansın hərbi bazalarının yerləşdirilməsinə qadağa qoyulması da var.

Qaynarinfo xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, Rusiyanın ehtimal olunan təklifləri Estoniya, Latviya və Litvada NATO hərbi bazalarının yerləşdirilməsindən imtinanı, Finlandiyanın isə alyansı tərk etməsini nəzərdə tutur.

Bundan başqa, Ukraynanın neytral statusunu konstitusion səviyyədə təsbit etməsi, ölkənin limanlarının demilitarizasiyası tələb olunur. Moskvanın isə Kiyevin Avropa İttifaqına üzvlüyünə qarşı çıxmayacağı bildirilir.

“Bild”in məlumatına görə, Rusiya Moldovanın Dnestryanı bölgənin də daxil olduğu federativ respublikaya çevrilməsini, Qaqauziyanın isə tam muxtariyyət statusu almasını istəyir. Moldovanın Avropa İttifaqına üzv olması halında bu bölgələrə müstəqilliklə bağlı referendum keçirmək imkanı verilməsi də təkliflər sırasındadır.

Moskva bunun müqabilində Belarus ərazisində yerləşdirilmiş nüvə silahlarını geri çəkməyə və orta mənzilli raketlərin bu ölkədə yerləşdirilməsindən imtina etməyə hazır olduğunu bildirir. Həmçinin Rusiya qoşunlarının Dnestryanı bölgədən çıxarılması da mümkün güzəştlər arasında göstərilir.

Nəşr vurğulayır ki, sözügedən müddəalar danışıqlar dairələrində müzakirə olunan təkliflərdən yalnız biridir və yekun razılaşma kimi qəbul edilməməlidir.

Xatırladaq ki, noyabrın 10-11-də Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ nümayəndə heyətlərinin iştirakı ilə üçtərəfli danışıqlar keçirilib. Noyabrın 12-də isə ABŞ prezidentinin xüsusi nümayəndələri Cared Kuşner və Stiv Uitkoff Kremldə Rusiya prezidenti Vladimir Putinlə görüşüblər.

Görüşdən sonra Kuşner Rusiya və Ukraynanın növbəti danışıqlar mərhələsində Avropa İttifaqı nümayəndələrinin də iştirak etməsi barədə razılığa gəldiyini açıqlayıb. O, davamlı atəşkəs üçün etibarlı təhlükəsizlik təminatlarının, tərəflər arasında sərhədlərin müəyyənləşdirilməsi mexanizmlərinin və gərginliyin azaldılması üzrə qarşılıqlı öhdəliklərin vacibliyini vurğulayıb.

Aydın