Xəbər lenti

Şirkətlərin gömrük kartlarından 247 minlik mənimsəmə - Vəzifəli şəxsə 6 il həbs cəzası verildi
Ölkə13:05 13.11.2026

Şirkətlərin gömrük kartlarından 247 minlik mənimsəmə - Vəzifəli şəxsə 6 il həbs cəzası verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı Ağır Cinayətlər Məhkəməsində iki şirkətə məxsus gömrük kartlarındakı vəsaitlərin mənimsənilməsi ilə bağlı cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Qaynarinfo xəbər verir ki, iş üzrə üç nəfər mühakimə olunub. Onlardan biri şirkətin Vergi Uçotu Departamentinin Gömrük şöbəsinin Deklarasiya Bölməsinin müdiri vəzifəsində çalışmış Əhməd adlı şəxsdir. Cinayət nəticəsində şirkətlərə ümumilikdə 247 min 451 manat 6 qəpik maddi ziyan dəyib. Bunun 246 min 412 manat 66 qəpiyi gömrük kartlarından qanunsuz istifadə edilməklə xərclənən vəsait, 1 038 manat 40 qəpiyi isə şirkətə məxsus noutbukun dəyəridir.

Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, Əhmədin vəzifə öhdəliklərinə malların gömrük rəsmiləşdirilməsini təmin etmək, şirkətə məxsus gömrük kartları vasitəsilə rüsum və vergi ödənişlərini həyata keçirmək daxil olub. Şirkətlə onun arasında maddi məsuliyyət müqaviləsi də bağlanıb.

İş materiallarına görə, şirkətlərə məxsus gömrük kartlarının nömrələri, istifadə müddətləri və təhlükəsizlik kodlarının əks olunduğu fotoşəkillər Əhmədin xidməti noutbukunda saxlanılıb. O, ölkədən getməzdən əvvəl həmin məlumatların olduğu noutbuku vasitəçi şəxs vasitəsilə digər iştirakçıya verib. Qeyd edək ki, Əhməd dövlət gömrük orqanının deyil, özəl şirkətin əməkdaşı olub.

Hökmə əsasən, şirkətlərin kartlarındakı vəsaitlərin mənimsənilməsi üçün fərqli üsuldan istifadə edilib. Kartlardan bankomat və POS-terminallar vasitəsilə birbaşa nağd pul çıxarmaq mümkün olmadığından, ölkəyə avtomobil və müxtəlif mallar gətirən şəxslərin gömrük bəyannamələri üzrə ödənişləri şirkətlərin kartları vasitəsilə həyata keçirilib. Bunun müqabilində həmin şəxslərdən və brokerlərdən nağd pul alınıb.

Broker fəaliyyəti ilə məşğul olan digər iştirakçı gömrük bəyannamələri üzrə ödəniş kodlarını toplayaraq prosesdə iştirak edib. Nəticədə şirkətlərin vəsaitləri onların təsərrüfat fəaliyyəti ilə əlaqəsi olmayan şəxslərin gömrük ödənişlərinə yönəldilib.

İş materiallarına əsasən, iki gömrük kartından ümumilikdə 44 bəyannamə üzrə ödəniş aparılıb. Bundan başqa, vəsaitlər vergi, kredit, internet, kommunal, mobil və ev telefonu xidmətləri üzrə ödənişlərə də sərf olunub.

Qanunsuz əməliyyatlar 2021-ci ilin payızında, şirkət əməkdaşları bank və gömrük çıxarışlarını üzləşdirərkən aşkarlanıb. Kartlardan şirkətlərin fəaliyyətinə aid olmayan ödənişlər edildiyi müəyyənləşdirildikdən sonra onlar bloklanıb.

Məhkəmədə Əhməd özünü qismən təqsirli bilib. O, xidməti noutbuku şirkətə qaytarmaq məqsədilə tanışına verdiyini, kartlardakı vəsaitlərin xərclənməsindən isə sonradan xəbər tutduğunu bildirib.

Digər iki müttəhim isə ittihamları qəbul etməyərək vəsaitlərin qanunsuz mənşəyindən xəbərsiz olduqlarını deyiblər. Broker fəaliyyəti ilə məşğul olan şəxs bəyannamələri ödəniş üçün göndərdiyini, sonradan toplanan nağd pulu qarşı tərəfə verdiyini, lakin ödənişlərin şirkət kartlarından aparıldığını bilmədiyini iddia edib.

Məhkəmə onların müdafiə mövqeyini qəbul etməyib. Hökmün əsaslandırılmasında şahid ifadələri, bank çıxarışları, audit sənədləri, ibtidai istintaq zamanı verilmiş ifadələr və mobil telefondan bərpa olunan səs yazıları sübut kimi qiymətləndirilib.

Məhkəmənin hökmü ilə Əhməd Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi (külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) ilə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyənləşdirilib.

Digər müttəhimlərdən biri mənimsəməyə köməkçilikdə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilib. Əvvəlki məhkumluğu və cinayətlərin residivi nəzərə alınaraq cəzasını ciddi rejimli müəssisədə çəkməsi qərara alınıb.

Üçüncü müttəhimə isə mənimsəməyə köməkçilikdə təqsirli bilinərək 5 il həbs cəzası təyin olunub. Lakin bu cəza 2 il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilib. Məhkəmə onun himayəsində beş azyaşlı uşağının olmasını, vurulmuş ziyanın bir hissəsini ödəməsini, əvvəllər məhkum edilməməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alıb.

Bundan başqa, Əhməd və 6 il həbs cəzası alan digər müttəhim dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan 2 il müddətinə məhrum ediliblər. Şərti cəza alan şəxs üçün isə bu müddət 1 il 6 ay müəyyənləşdirilib.

Vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı ayrıca ittihamlar mənimsəmə cinayətinin tərkibi ilə əhatə olunduğundan ümumi ittihamdan çıxarılıb.

Məhkəmə broker fəaliyyəti ilə məşğul olan müttəhimin vurulmuş ziyanın əvəzi olaraq 26 min 554 manat 38 qəpik ödədiyini nəzərə alıb.

Birinci zərərçəkmiş şirkətin xeyrinə Əhməddən və digər 6 il həbs cəzası alan müttəhimdən ayrı-ayrılıqda 69 min 336 manat 90 qəpik, şərti cəza alan şəxsdən isə 42 min 782 manat 52 qəpik tutulması qərara alınıb. Həmçinin 471 manat 46 qəpik dövlət rüsumunun üç müttəhimdən müştərək qaydada alınması müəyyən edilib.

İkinci zərərçəkmiş şirkətin mülki iddiası da tam təmin olunub. Həmin şirkətin xeyrinə maddi zərər və dövlət rüsumu daxil olmaqla ümumilikdə 39 min 650 manat 35 qəpiyin üç müttəhimdən müştərək qaydada tutulması barədə qərar qəbul edilib.

Hökmdə daha bir şəxs barəsində cinayət işinin ayrıca icraata ayrıldığı qeyd olunub. Hazırkı hökm yalnız üç müttəhimə aiddir və ayrıca icraata ayrılmış iş üzrə şəxsin təqsirliliyi barədə qərar hesab edilmir.

Hökmdən 20 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Həbsdə olan iki məhkum üçün bu müddət hökmün surətinin onlara təqdim edildiyi gündən hesablanır. Təqdim olunan sənəddə hökmün qanuni qüvvəyə minməsi barədə məlumat yoxdur.

Seyid