
Gündəlik piyada gəzmək yalnız fiziki sağlamlıq üçün deyil, beyin fəaliyyətinin qorunması baxımından da əhəmiyyətlidir. Araşdırmalar göstərir ki, müntəzəm gəzinti yaddaşın və diqqətin yaxşılaşmasına, yaşlı insanlarda isə demensiya riskinin azalması ilə əlaqəli ola bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə İtaliyanın “Fanpage.it” portalı məlumat yayıb.
Neyropsixoloq Cüzeppe Alfredo Yannikokkarinin sözlərinə görə, gəzinti zamanı orqanizmdə qan dövranı sürətlənir, beyinə oksigen və qan axını artır. Bu proseslər neyronların sağlamlığının və beynin dəyişən şəraitə uyğunlaşma qabiliyyətinin qorunmasına kömək edir.
Mütəxəssis vurğulayıb ki, yerimək sadəcə ayaqları hərəkət etdirməkdən ibarət deyil. İnsan gəzərkən ətrafı müşahidə edir, istiqamətini müəyyənləşdirir, tarazlığını qoruyur, marşrutunu dəyişir və müxtəlif qərarlar verir. Bütün bunlar beynin eyni vaxtda bir neçə funksiyasını işə salır.
Gündə neçə addım atmaq lazımdır?
“JAMA Neurology” jurnalında dərc olunan və 78 430 nəfərin iştirak etdiyi genişmiqyaslı araşdırmada gündəlik addım sayı ilə demensiya halları arasında əlaqə müəyyən edilib. Nəticələrə əsasən, gündə təxminən 9800 addım atılması ən yüksək statistik fayda ilə əlaqələndirilib.
Bununla belə, daha az addım atmaq da müsbət nəticələrlə bağlıdır. 2025-ci ildə aparılan başqa bir meta-analizə görə, gündə 2000 addımla müqayisədə 7000 addım atmaq demensiya riskinin 38 faiz aşağı olması ilə əlaqələndirilib.
Yannikokkari qeyd edib ki, bu nəticələr gəzintinin birbaşa demensiyanın qarşısını aldığını sübut etmir. Söhbət müntəzəm fiziki aktivliklə daha sağlam qocalma və koqnitiv funksiyaların zəifləməsi riskinin aşağı olması arasındakı əlaqədən gedir.
Gəzinti yaddaşı yaxşılaşdıra bilərmi?
Mütəxəssis yaddaşın qorunmasında fiziki aktivliyin rolunu göstərən başqa bir araşdırmaya da diqqət çəkib. Erikson və həmkarlarının 55-80 yaş arası 120 nəfərin iştirakı ilə apardığı tədqiqatda iştirakçılar iki qrupa bölünüblər. Qruplardan biri gəzinti də daxil olmaqla aerobik məşqlər edib, digəri isə dartınma hərəkətləri ilə məşğul olub.
Bir il sonra aerobik məşqlər edən qrupun hipokampusunun ön hissəsinin həcmi təxminən 2 faiz artıb. Hipokampus yaddaş proseslərində mühüm rol oynayan beyin strukturudur. Bu dəyişiklik yaddaş göstəriciləri və neyronların fəaliyyətini dəstəkləyən BDNF zülalının səviyyəsi ilə də əlaqələndirilib.
Neyropsixoloq gəzinti zamanı yaddaşı məşq etdirməyi də tövsiyə edir. Məsələn, gəzintinin əvvəlində ətrafda üç detalı yadda saxlamaq, sonda isə onları xatırlamağa çalışmaq olar. Bu üsul fiziki hərəkətlə yanaşı, diqqət və yaddaşın da məşq etdirilməsinə imkan verir.
10 min addım mütləq deyil
Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən, böyüklər həftədə 150-300 dəqiqə orta intensivlikli aerobik fiziki aktivliklə məşğul olmalıdırlar.
Mütəxəssis məşhur 10 min addım hədəfinin məcburi norma olmadığını bildirir. Onun fikrincə, az hərəkət edən insanın gündəlik göstəricisini 2000-dən 5000-7000 addıma çatdırması belə əhəmiyyətli irəliləyişdir.
Yannikokkari hər gün müəyyən vaxtda, məsələn, nahardan sonra 20 dəqiqə gəzməyi vərdişə çevirməyi məsləhət görür. O hesab edir ki, konkret vaxta bağlanan kiçik hədəflər ümumi şəkildə daha çox hərəkət etmək niyyətindən daha effektivdir.
Mütəxəssisin sözlərinə görə, beyin sağlamlığını qorumaq üçün yalnız gəzinti kifayət etmir. Keyfiyyətli yuxu, düzgün qidalanma, ürək-damar risklərinin nəzarətdə saxlanılması, sosial ünsiyyət və zehni fəaliyyət də sağlam qocalmanın vacib şərtlərindəndir.
Aydın