
Qırmızı şərabın tərkibində olan bəzi təbii birləşmələrin yaşlı insanlarda əzələ gücünə və kütləsinə müsbət təsir göstərə biləcəyi üzə çıxıb. Alimlər bu əlaqənin xüsusilə qadınlarda daha nəzərəçarpan olduğunu müəyyən ediblər.
Qaynarinfo xəbər verir ki, bu nəticəyə İspaniyanın Rovira-i-Virgili Universitetinin tədqiqatçıları gəlib. Araşdırmanın nəticələri “Food & Function” elmi jurnalında dərc olunub.
Tədqiqatda orta yaş həddi 69 olan 50 könüllü iştirak edib. Onlardan 29-da sarkopeniya – yaşlanma ilə əlaqədar əzələ kütləsinin və gücünün azalması əlamətləri müşahidə olunub.
Alimlər iştirakçıların əl sıxma gücünü ölçüb, əzələ kütləsini qiymətləndirib və ultrasəs müayinəsi vasitəsilə əzələlərin vəziyyətini araşdırıblar. Bundan başqa, könüllülərdən götürülən sidik nümunələri analiz edilərək orqanizmdə polifenolların parçalanması nəticəsində yaranan maddələr müəyyənləşdirilib.
Nəticələr göstərib ki, katexin və resveratrolun bəzi törəmələrinin daha yüksək səviyyəsi əzələ kütləsinin və əl sıxma gücünün çoxluğu ilə əlaqəlidir. Bu uyğunluq qadınlar arasında daha aydın müşahidə edilib.
Alimlər alkoqolsuz şərabı da araşdırmaq istəyirlər
Katexinlər və resveratrol bitki mənşəli antioksidantlar olan polifenollardır. Onlar əsasən üzümün qabığında və çəyirdəyində mövcuddur. Bu maddələr yalnız qırmızı şərabda deyil, digər bəzi bitki mənşəli qidalarda da var.
Tədqiqatçılar hesab edirlər ki, polifenollar yaşlı insanlarda əzələ kütləsinin itirilməsinin qarşısının alınması istiqamətində perspektivli ola bilər. Bununla belə, aşkar edilmiş əlaqənin həqiqətən müsbət təsir yaradıb-yaratmadığını müəyyənləşdirmək üçün əlavə klinik sınaqlara ehtiyac var.
Alimlər xüsusilə alkoqolsuz şərabın təsirinin araşdırılmasını təklif edirlər. Bu, polifenolların mümkün faydasını alkoqolun təsirindən ayırmağa imkan verə bilər.
Aydın