
İncəsənətlə müntəzəm məşğul olmaq və mədəni tədbirlərdə iştirak etmək bioloji qocalma prosesinin daha yavaş getməsi ilə əlaqəli ola bilər. Britaniyalı alimlərin araşdırmasına görə, həftədə ən azı bir dəfə incəsənətlə təmasda olan insanlarda qocalma göstəriciləri bu cür fəaliyyətlərə nadir hallarda qatılanlarla müqayisədə daha yaxşı olub.
Qaynarinfo xəbər verir ki, araşdırmanın nəticələri Polşanın “Well.pl” nəşrində dərc olunub.
London Universitet Kollecinin professoru Deyzi Fankortun rəhbərlik etdiyi tədqiqatda Böyük Britaniyada yaşayan 3556 nəfərin həyat tərzi və qan analizləri araşdırılıb. Alimlər iştirakçıların DNT-sində yaşla əlaqədar dəyişən kimyəvi göstəriciləri təhlil edərək onların bioloji yaşını və qocalma sürətini qiymətləndiriblər.
Araşdırmada incəsənətlə təmas anlayışına həm yaradıcı fəaliyyətlər, həm də mədəni məkanlara səfərlər daxil edilib. Belə ki, mahnı oxumaq, rəqs etmək, fotoqrafiya ilə məşğul olmaq, sərgilərə, kitabxanalara və tarixi abidələrə baş çəkmək bu fəaliyyətlər sırasına aid edilib.
Nəticələr göstərib ki, həftədə ən azı bir dəfə belə fəaliyyətlərdə iştirak edən şəxslərdə qocalma sürətini əks etdirən göstəricilər ildə cəmi bir-iki dəfə incəsənətlə maraqlananlarla müqayisədə bir neçə faiz aşağı olub. Bu fərqin fiziki məşqləri müntəzəm edən insanlarla etməyənlər arasında müşahidə olunan fərqə bənzədiyi bildirilir.
Maraqlıdır ki, nəticələr xüsusilə 40 yaşdan yuxarı şəxslərdə daha nəzərəçarpan olub. Tədqiqatçılar gəlir səviyyəsi, təhsil, siqaret istifadəsi və bədən kütləsi indeksini də nəzərə alıblar. Digər təhlillərdən birində isə incəsənətlə müntəzəm maraqlananların bioloji yaşının orta hesabla təxminən bir il daha az olduğu müəyyənləşdirilib.
İncəsənət qocalmaya necə təsir edə bilər?
Araşdırmanın həmmüəllifi Deyzi Fankortun fikrincə, yaradıcı fəaliyyətlərin sağlamlığa müsbət təsiri müxtəlif amillərlə bağlı ola bilər. Məsələn, kollektiv şəkildə mahnı oxumaq sosial ünsiyyəti artırır, rəqs fiziki aktivliyi təmin edir, rəsm çəkmək isə diqqət və emosional fəallığı stimullaşdırır.
Alimlər həmçinin incəsənətlə məşğul olmağın stressi azaltmağa kömək edə biləcəyini qeyd edirlər. Uzunmüddətli stressin bioloji qocalmanı sürətləndirməsi ilə bağlı əvvəlki tədqiqatlar mövcuddur. Bəzi elmi araşdırmalarda isə yaradıcı fəaliyyətlərin orqanizmdə iltihabi proseslərin azalması ilə əlaqəsi göstərilib.
Bununla belə, tədqiqat incəsənətlə məşğul olmağın qocalmanı birbaşa ləngitdiyini sübut etmir. Nəticələr bu fəaliyyətlər arasında əlaqənin mövcudluğunu göstərir.
Alimlərin fikrincə, musiqi, rəqs, rəsm və digər yaradıcı məşğuliyyətləri gündəlik həyata daxil etmək həm emosional vəziyyət, həm də ümumi sağlamlıq baxımından faydalı ola bilər.
Aydın