
Uzun müddət kompüter qarşısında oturmaq, hərəkətsizlik, yuxusuzluq və xroniki stress təkcə ümumi sağlamlığa deyil, dərinin görünüşünə də mənfi təsir göstərir. Üzdə solğunluq, gözaltı şişkinlik və tünd dairələr orqanizmin həddindən artıq yüklənməsinin əlamətləri ola bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə nevroloq Aleksey Danilov gazeta.ru-ya açıqlamasında bildirib.
Həkimin sözlərinə görə, “ofis sindromu” adlandırılan vəziyyət əsasən uzun müddət oturaq işləyən insanlarda müşahidə olunur. Xroniki yorğunluq, boyun və çiyinlərdə gərginlik, gözlərin quruması, baş və bel ağrıları, eləcə də yuxu pozuntuları bu sindromun əsas əlamətlərindəndir.
Danilov qeyd edib ki, hərəkətsizlik qan dövranını və limfa axınını zəiflədir. Nəticədə toxumalar oksigenlə daha az təmin olunur, üz dərisi solğun və yorğun görünür. Xroniki stress və yuxu çatışmazlığı isə kortizol səviyyəsini yüksəldərək kollagen sintezinə və dərinin qoruyucu baryerinə mənfi təsir göstərə bilər.
Nevroloq hesab edir ki, üz dərisinə yalnız kosmetik vasitələrlə qulluq etmək problemin həlli deyil. Dərinin vəziyyəti bütövlükdə orqanizmin, o cümlədən beyin və ürək sağlamlığının göstəricilərindən biridir. Buna görə də yorğun görünüşü kosmetika ilə gizlətməkdənsə, onun səbəblərini aradan qaldırmaq vacibdir.
Həkim “yorğun üz” əlamətlərini azaltmaq üçün üç əsas tövsiyə verib. İlk növbədə, iş zamanı hərəkətliliyi artırmaq, hər saat fasilə vermək, boyun və çiyinləri hərəkət etdirmək, açıq havada gəzmək lazımdır. İkinci vacib məqam kifayət qədər yatmaqdır. Üçüncü istiqamət isə düzgün qidalanmadır.
Danilov şirniyyat, un məmulatları və qazlı içkilərin qəbulunu azaltmağı, rasiona mövsümi meyvə və giləmeyvələr, paxlalılar, qoz-fındıq, zeytun yağı və yağlı balıq əlavə etməyi məsləhət görüb. Onun fikrincə, bu məhsullar bağırsaq mikroflorasını dəstəkləyərək beyin və dərinin sağlamlığına müsbət təsir göstərə bilər.
Aydın