
Saçların həddindən artıq tünd, soyuq və süni görünən rənglərə boyanması insanın xarici görünüşünə əlavə yaş qata bilər. Belə çalarlar dəridəki solğunluğu, qızartıları və digər qeyri-bərabərlikləri daha qabarıq göstərir.
Qaynarinfo xəbər verir ki, bu barədə gazeta.ru-ya stilist Həmidulla Əzimov danışıb.
Mütəxəssisin sözlərinə görə, xüsusilə qatı qara və həddindən artıq kül rəngli saç çalarları hər kəsin xarici görünüşünə uyğun gəlmir. Yanlış seçilmiş rəng üz cizgilərini ağırlaşdıra və ümumi görünüşün təbiiliyini poza bilər.
Əzimov saç rəngi seçərkən dəri və göz rənginin, qaşların, eləcə də təbii saç tonunun nəzərə alınmasını tövsiyə edib. O bildirib ki, əsas məsələ yalnız dərinin isti və ya soyuq alt tonunu müəyyənləşdirmək deyil, həm də insanın ümumi xarici görünüşündəki kontrastı düzgün qiymətləndirməkdir.
Stilist qeyd edib ki, yumşaq və az kontrastlı görünüşə malik insanlarda çox tünd saç rəngləri üz cizgilərini həddindən artıq sərtləşdirə bilər. Əksinə, təbii görünüşü yüksək kontrastlı olan şəxslərdə çox açıq çalarlar üz ifadəsini solğunlaşdıra bilər.
Saç rəngini uzun müddət qorumağın yolu
Mütəxəssis saç boyasının daha az qulluq tələb etməsi üçün təbii saç rənginə yaxın çalarların seçilməsini məsləhət görüb.
Onun sözlərinə görə, saç diblərinin uzanması zamanı kəskin rəng fərqinin yaranmaması üçün balayaj, airtouch və zərif melirovka texnikalarına üstünlük vermək olar. Bu üsullar saçın təbii rəngindən boyanmış hissəyə daha yumşaq keçid yaradır.
Əzimov əlavə edib ki, rəng seçərkən boyanın zamanla necə solacağı və ev şəraitində hansı qulluq vasitələrindən istifadə ediləcəyi də nəzərə alınmalıdır. Onun fikrincə, keyfiyyətli saç boyası yalnız salondan çıxdıqdan dərhal sonra deyil, aylar keçdikdən sonra da gözəl görünməlidir.
Aydın