
Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo meydandakı uğurları və rekordları ilə yanaşı, xeyriyyəçilik fəaliyyəti ilə də diqqət çəkir. Onun müxtəlif ölkələrdə aztəminatlı ailələrə, xəstə uşaqlara və təbii fəlakət qurbanlarına göstərdiyi yardımlar futbolçunun idman karyerasından kənarda qalan tərəfini üzə çıxarır.
Qaynarinfo xəbər verir ki, İngiltərənin “The Sun” qəzeti Ronaldonun ictimaiyyət arasında o qədər də geniş tanınmayan humanitar fəaliyyətləri barədə yazıb.
Məlumata görə, Ronaldo UNICEF və “World Vision” kimi beynəlxalq humanitar təşkilatların fəaliyyətində iştirak edib. O, 2014-cü ildə “Qızıl top” mükafatını alarkən qan xərçəngindən əziyyət çəkən uşaqlardan danışıb, 2016-cı ildə isə Suriyadakı uşaqlara dəstək mesajı göndərib.
Futbolçunun xeyriyyəçilik fəaliyyəti xüsusilə pandemiya dövründə diqqət çəkib. 2020-ci ildə Ronaldo meneceri Jorje Mendeşlə birlikdə Portuqaliyadakı xəstəxanalara 1 milyon funt sterlinq bağışlayıb. Vəsait tibbi avadanlıqların, süni tənəffüs aparatlarının və xəstəxana çarpayılarının alınmasına yönəldilib. O, həmçinin “Yuventus”da çıxış etdiyi vaxt dörd aylıq maaşından imtina edib. Bu qərarın futbolçuya təxminən 3,8 milyon funt sterlinqə başa gəldiyi bildirilir.
Ronaldonun qan donorluğuna münasibəti də maraq doğurur. O, mütəmadi qan verdiyi üçün bədəninə döymə etdirmir və başqalarını da bu addıma təşviq edir. Bundan başqa, keçmiş komanda yoldaşı Karlos Martinsin oğluna kömək məqsədilə sümük iliyi donoru olub.
Portuqaliyalı ulduz qazandığı mükafatları da xeyriyyə məqsədilə istifadə edib. 2011-ci ildə əldə etdiyi Avropa “Qızıl buts”unu 1,2 milyon funt sterlinqə sataraq əldə olunan vəsaiti Qəzza zolağında məktəblərin tikintisinə yönəldib. 2013-cü ildə qazandığı “Qızıl top” mükafatının surətini isə “Make-A-Wish” fondunun xeyrinə 530 min funt sterlinqə satışa çıxarıb. Anasının vaxtilə döş xərçəngindən müalicə aldığı Portuqaliyadakı ixtisaslaşmış tibb mərkəzinə də təxminən 120 min funt sterlinq bağışlayıb.
Dünyanın müxtəlif ölkələrində yardım fəaliyyəti
Ronaldonun yardımları müxtəlif coğrafiyaları əhatə edib. 2015-ci ildə Nepalda baş verən zəlzələdən zərər çəkənlər üçün 5 milyon funt sterlinq ayırdığı qeyd olunur. O, Türkiyə və Suriyada baş verən zəlzələlərin qurbanlarına yardım göstərilməsinə də töhfə verib. 2024-cü ildə İspaniyada daşqınlardan zərər çəkənlərə göndərilən yardım maşınlarının maliyyələşdirilməsində iştirak edib.
Futbolçu xəstə uşaqlara dəstəyi ilə də tanınır. O, xərçəng xəstəliyindən əziyyət çəkən uşaqların müalicə və əməliyyat xərclərini qarşılayıb. Valideynlərini itirmiş livanlı uşaqlardan birini isə “Real Madrid”in oyununa dəvət edib. Gənclərin təhsil və sağlamlıq imkanlarını dəstəkləmək məqsədilə “CR7” fondunu da yaradıb.
Nəşrin yazdığına görə, Ronaldonun diqqəti yalnız ictimai xeyriyyəçiliklə məhdudlaşmır. O, qardaşının asılılıqdan xilas olmasına kömək edib, komanda yoldaşlarına bahalı hədiyyələr verməsi və otel işçilərinə səxavətli bəxşişlər qoyması ilə də tanınıb.
“Goal”ın materialında vurğulanır ki, Ronaldonun xarakteri və davranışları ətrafında mübahisələr olsa da, onun humanitar fəaliyyəti futbolçunun yalnız meydandakı nailiyyətlərdən ibarət olmayan başqa bir tərəfini göstərir.
Aydın