
Bakı şəhərində 15 200 manatlıq dələduzluq hadisəsi ilə bağlı cinayət işinə xitam verilib.
Qaynarinfo xəbər verir ki, hadisə Xəzər rayonunun Zirə qəsəbəsində baş verib.
Məhkəmə materiallarına görə, təqsirləndirilən şəxs pul ödəmə xidmətləri göstərən şirkətlərdən birində satış meneceri işləyib. O, vəzifəsindən istifadə edərək Zirə qəsəbəsində istixana işlədən şəxsin kommunal borcunu ödəmək üçün adam axtardığını öyrənib.
Bundan sonra özünü həmin şirkətin əməkdaşı kimi təqdim edən şəxs istixananın “Azəriqaz” qarşısında yaranmış 15 200 manatlıq borcunu şirkət vasitəsilə ödəyə biləcəyini bildirib. Bunun müqabilində ona pul verildiyi halda ödənişi həyata keçirəcəyinə söz verib.
Zərərçəkmiş bu vədə inanaraq istixananın qarşısında ona 15 200 manat təqdim edib. Lakin satış meneceri pulu təyinatı üzrə istifadə etməyib, şəxsi ehtiyaclarına xərcləyib.
Faktla bağlı Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) ilə cinayət işi başlanıb.
Məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxs ittihamı qəbul edib. O, həmçinin himayəsində azyaşlı övladının olduğunu əsas gətirərək barəsində amnistiya aktının tətbiq edilməsini istəyib.
İş üzrə zərərçəkmiş şəxsin məhkəməyə təqdim etdiyi ərizədə dəymiş 15 200 manat ziyanın tam ödənildiyi, təqsirləndirilən şəxslə barışıq əldə olunduğu və ona qarşı hər hansı şikayət və tələbinin qalmadığı bildirilib.
Bakı şəhəri Xəzər Rayon Məhkəməsi təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşağının olmasını, vurulmuş ziyanın ödənilməsini və tərəflərin barışmasını nəzərə alıb.
Hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin qərarının müvafiq müddəaları tətbiq olunub. Nəticədə şəxs barəsində cinayət təqibinə və cinayət işinin icraatına xitam verilib. Onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri də ləğv edilib.
Cinayət təqibinə amnistiya əsasında xitam verilməsi bəraətverici əsas hesab olunmur.
Seyid