
(Yazı “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusuna həsr olunub).
“Xalqımız tarixi Zəfərimizin altıncı ildönümünü qeyd etməyə hazırlaşır. Heç şübhəsiz ki, bu tarixi Zəfərin üç qəhrəmanı var: Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev, onun formalaşdırdığı yenilməz Ordu və dəmir yumruğa çevrilmiş xalqımız. Onlar tarixi Zəfərimizin simvollarıdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin altıncı ildönümü ərəfəsində zəfərin əhəmiyyəti və Ermənistanın törətdiyi müharibə cinayətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlər barədə danışarkən deyib.

Deputat bildirib ki, hazırda əsas məsələlərdən biri tarixi Zəfərin beynəlxalq səviyyədə tanıdılmasıdır:
“Son altı il ərzində atılan addımlar bu reallığın beynəlxalq aləmdə qəbul edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, qarşıda duran digər mühüm vəzifə müharibə cinayətlərinə görə məsuliyyət məsələsinin beynəlxalq səviyyədə hüquqi qiymətləndirilməsinə nail olmaq və beynəlxalq hüquqa uyğun mexanizmlərin işə salınmasını təmin etməkdir”.
Elman Nəsirovun sözlərinə görə, dövlətimiz bu istiqamətdə ciddi işlər görür:
“Əsas məsələlərdən biri bütün hüquqi mexanizmlərdən istifadə etməklə həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmaqdır. Bu istiqamətdə addımlar ardıcıl və sistemli şəkildə atılıb. Xüsusilə qeyd etmək istərdim ki, torpaqlarımızın 30 il ərzində işğal altında olduğu dövrdə Ermənistanın xalqımıza qarşı törətdiyi ən ağır cinayətlərdən biri əsir və girov götürülmüş şəxslərlə bağlıdır. Onlara qarşı zorakılıq və müharibə cinayətləri törədilib. Bu baxımdan kütləvi məzarlıqların mövcudluğu da ciddi problemdir. Ermənistan tərəfi həmin məzarlıqlar barədə məlumatları gizlədir və buna görə məsuliyyət daşıyır. Digər mühüm problem isə minalanmış ərazilərlə bağlıdır”.
Deputat əlavə edib ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işlərinə, eləcə də Böyük Qayıdış prosesinə ən ciddi maneələrdən biri mina təhlükəsidir:
“Mülki əhali bu təhlükədən xüsusilə əziyyət çəkir. Minalanmış ərazilərlə bağlı məsələ beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılan əsas mövzulardan biridir. Ermənistanın Azərbaycan mədəni irsinə vurduğu zərər də xüsusi qeyd edilməlidir. 67 məsciddən 65-i tamamilə dağıdılıb. Qismən dağıdılmış vəziyyətdə qalan iki məsciddən isə tövlə kimi istifadə olunub, orada donuz və mal-qara saxlanılıb. Bu, təkcə Azərbaycan xalqına deyil, bütövlükdə müsəlman dünyasına qarşı hörmətsizliyin və dini dözümsüzlüyün təzahürüdür”.

Elman Nəsirov hesab edir ki, Ermənistanın 44 günlük müharibə zamanı Gəncə, Bərdə və digər yaşayış məntəqələrinə endirdiyi zərbələr də beynəlxalq hüquq müstəvisində qiymətləndirilməlidir:
“Ermənistan silahlı qüvvələri çoxsaylı mülki şəxsi qətlə yetirib. Bu əməllərə də hüquqi qiymət verilməlidir”.
Deputat müharibə cinayətləri ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində bir sıra təkliflər də irəli sürüb:
“Faktiki olaraq, Ermənistanın xalqımıza qarşı törətdiyi cinayətləri nəzərə alaraq, beynəlxalq ictimaiyyəti və müvafiq qurumları məlumatlandırmaq üçün bu işi sistemli şəkildə həyata keçirməyə ehtiyac var. Hesab edirəm ki, Azərbaycanda beynəlxalq müharibə cinayətlərinə dair rəqəmsal arxiv yaradılmalıdır. Bütün faktlar, fotoşəkillər, videomateriallar, şahid ifadələri və ekspert rəyləri vahid rəqəmsal bazada toplanmalıdır. Bundan əlavə, beynəlxalq ekspertlər komissiyasının yaradılmasını vacib hesab edirəm. Beynəlxalq humanitar hüquq, hərbi hüquq və kriminalistika üzrə mütəxəssislər sübutların beynəlxalq standartlara uyğun sistemləşdirilməsinə cəlb oluna bilərlər. Bu, olduqca mühüm addım olardı. Növbəti mərhələdə parlament diplomatiyasının daha da gücləndirilməsinə ehtiyac var. Bu istiqamətdə işlər aparılır, lakin daha geniş miqyasda davam etdirilməlidir. Müxtəlif ölkələrin parlamentlərində dinləmələr təşkil olunmalı, təqdimatlar keçirilməli və Azərbaycan həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırılmalıdır”.
Elman Nəsirov bu istiqamətdə sənədli filmlərin hazırlanmasının və çoxdilli nəşrlərin yayılmasının da vacibliyini vurğulayıb:
“Xüsusilə ingilis, fransız, alman, ərəb, ispan və digər dillərdə nəşrlərin hazırlanması və çap olunması Ermənistanın 30 il ərzində xalqımıza qarşı törətdiyi cinayətlərin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından böyük əhəmiyyət daşıyır”.
Bahar Rüstəmli
Material Media və Yayım Şurasının maliyyə dəstəyi ilə hazırlanmışdır.
