Xəbər lenti

12 ildir itkin düşən MH370 təyyarəsinin axtarışları bərpa edildi - Hələ də nəticə yoxdur
Dünya13:08 06.11.2026

12 ildir itkin düşən MH370 təyyarəsinin axtarışları bərpa edildi - Hələ də nəticə yoxdur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Malayziya Hava Yollarına məxsus MH370 reysinin yoxa çıxmasından 12 ildən çox vaxt keçsə də, aviasiya tarixinin ən böyük müəmmalarından biri hələ də açılmayıb. Təyyarənin qalıqlarını tapmaq üçün Hind okeanının cənubunda axtarışlar yenidən bərpa edilsə də, son əməliyyatlar da hələlik nəticə verməyib.

Qaynarinfo xəbər verir ki, bu barədə “Antena3.ro” məlumat yayıb.

Məlumata görə, “Ocean Infinity” şirkəti itkin təyyarənin axtarışlarına müasir sualtı robotlardan istifadə etməklə yenidən başlayıb. Əməliyyatların əsas məqsədi təyyarənin ehtimal olunan qəza zonasını araşdırmaq və qara qutuları aşkarlamaqdır. Onların tapılması uçuşun son dəqiqələrində baş verənləri və təyyarənin hansı səbəbdən yoxa çıxdığını müəyyənləşdirməyə kömək edə bilər.

Xatırladaq ki, MH370 reysi 2014-cü il martın 8-də Kuala-Lumpurdan Pekinə uçarkən radarlardan itib. Təyyarənin göyərtəsində 239 nəfər olub.

Axtarışlar niyə nəticəsiz qaldı?

İlk genişmiqyaslı axtarış əməliyyatları 2014-cü ildə Malayziya, Çin və Avstraliyanın iştirakı ilə təşkil edilib. İşlərə Avstraliyanın Nəqliyyatda Təhlükəsizlik Bürosu rəhbərlik edib, Niderlandın “Fugro” şirkəti isə okean dibinin tədqiqinə cəlb olunub.

Axtarışların əsas istiqaməti peyk məlumatları əsasında müəyyənləşdirilmiş “Yeddinci qövs” adlanan xətt olub. Lakin Hind okeanının cənubundakı mürəkkəb relyef, güclü küləklər, fırtınalar və hündürlüyü 10 metrə çatan dalğalar əməliyyatları çətinləşdirib.

Təxminən üç il ərzində “Fugro” şirkətinin gəmiləri okean dibinin yüz minlərlə kvadratkilometrini xəritələşdirib. Bununla belə, istifadə olunan sualtı aparatların texniki imkanları məhdud olduğundan bəzi dərin əraziləri araşdırmaq mümkün olmayıb. 2017-ci ilin yanvarında axtarış zonası 120 min kvadratkilometrdən çox genişləndirilsə də, təyyarənin əsas qalıqları tapılmadığı üçün əməliyyatlar dayandırılıb.

Afrika sahillərində tapılan qalıqlar nəyi üzə çıxardı?

Təyyarənin yoxa çıxmasından sonra Hind okeanı sahillərində də axtarışlar aparılıb. 2015-ci ilin iyulunda Avstraliyadan 5600 kilometrdən çox məsafədə yerləşən Fransanın Reyunyon adasında təyyarənin qanadına aid flaperon adlı detal aşkarlanıb.

Sonrakı dövrdə Tanzaniyada və Şərqi Afrika sahillərinə yaxın adalarda da qalıqlar tapılıb. Ümumilikdə, MH370 təyyarəsinə aid olduğu ehtimal edilən 50-dən çox detal aşkar edilib. Okean cərəyanlarının bu hissələri Afrika sahillərinə qədər apardığı bildirilir.

Bu tapıntılar təyyarənin Hind okeanının cənubunda qəzaya uğraması ehtimalını gücləndirib. Lakin əsas gövdənin və qara qutuların yeri hələ də müəyyən edilməyib.

“Ocean Infinity” şirkəti Malayziya hökuməti ilə əməkdaşlığı davam etdirmək niyyətində olduğunu açıqlayıb. Şirkət texnologiyanın inkişafı ilə gələcəkdə axtarışların yenidən genişləndirilə biləcəyini istisna etmir.

Beləliklə, 239 nəfərin taleyi ilə bağlı suallar 12 ildən sonra da cavabsız qalır. Təyyarənin qalıqlarının və qara qutuların tapılması isə faciənin səbəblərini üzə çıxarmaq üçün əsas açar hesab olunur.

Aydın