
Qədim Maya sivilizasiyasının tənəzzülünə səbəb olan amillərdən biri ətraf mühitin civə ilə uzunmüddətli çirklənməsi ola bilər. Alimlər hesab edirlər ki, qırmızı rəngli civə əsaslı boyalardan geniş istifadə torpaqlarda və su hövzələrində zəhərli maddələrin toplanmasına, nəticədə isə ekoloji tarazlığın pozulmasına gətirib çıxarıb.
Qaynarinfo xəbər verir ki, bu qənaət ABŞ-ın Obern Universitetinin mütəxəssislərinin rəhbərlik etdiyi beynəlxalq tədqiqat qrupu tərəfindən irəli sürülüb. Araşdırmanın nəticələri “Science Advances” elmi jurnalında dərc olunub.
Mayalılar qədim dövrdə tikililərin, müxtəlif əşyaların və dəfn yerlərinin bəzədilməsində civə tərkibli qırmızı piqmentlərdən, o cümlədən kinovardan geniş istifadə ediblər. Arxeoloji qazıntılar zamanı bu maddələrin qalıqları həm qədim şəhərlərdə, həm də onların ətrafındakı torpaq qatlarında aşkarlanıb.
Tədqiqatçılar civə çirklənməsinin miqyasını müəyyənləşdirmək üçün Yukatan yarımadasında yerləşən Koba və Şkançe göllərinin dib çöküntülərini araşdırıblar. Həmin ərazilərdə vaxtilə iri Maya yaşayış məntəqələri mövcud olub. Müqayisə məqsədilə qədim şəhərlərdən uzaqda yerləşən daha iki gölün çöküntüləri də təhlil edilib.
Nəticələr göstərib ki, Maya sivilizasiyasının klassik dövründə – eramızın 250–950-ci illərində bəzi çöküntülərdə civənin miqdarı hər qramda 18 mikroqrama qədər yüksəlib. Bu dövrdə metalın toplanma sürəti digər tarixi mərhələlərlə müqayisədə on dəfələrlə çox olub.
Alimlər çirklənmənin artması ilə eyni vaxtda su hövzələrində sianobakteriyaların, yosunların, molyuskların və xərçəngkimilərin sayının azaldığını müəyyən ediblər. Bu isə bölgənin su ekosistemlərində ciddi dəyişikliklərin baş verdiyini göstərir.
Tədqiqat müəlliflərinin fikrincə, civə ilə çirklənmə Maya şəhərlərinin üzləşdiyi ekoloji problemləri daha da ağırlaşdıraraq sivilizasiyanın tənəzzülünü sürətləndirən amillərdən biri ola bilər. Bununla belə, araşdırma civənin Maya sivilizasiyasının süqutunun yeganə səbəbi olduğunu sübut etmir. Alimlər IX əsrdə iri yaşayış məntəqələrinin tənəzzülündə digər amillərin də rol oynaya biləcəyini vurğulayırlar.
Aydın