Xəbər lenti

İtaliyada poçtalyonun qəpik kolleksiyası evinə ziyan vurdu - 2,7 ton pul toplayıb
Dünya21:20 05.11.2026

İtaliyada poçtalyonun qəpik kolleksiyası evinə ziyan vurdu - 2,7 ton pul toplayıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İtaliyada poçtalyon Bruno Salvinin onilliklər ərzində topladığı qəpiklərin ümumi çəkisi 2,7 tonu ötüb. Bir avrosentlik sikkələrdən ibarət kolleksiya o qədər ağırlaşıb ki, onun evinin pilləkən qəfəsinin betonunda çatlar yaranıb.

Qaynarinfo xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Urbaniya şəhərində yaşayan Bruno Salvi hələ uşaqlıqdan xırda pullar toplamağa maraq göstərib. İtaliyada avroya keçiddən sonra isə kolleksiyasını yalnız bir avrosentlik sikkələrdən formalaşdırmağa qərar verib.

Poçtalyon illər ərzində ümumilikdə 1 milyon 176 min sikkə toplayıb. Onların nominal dəyəri 11 760 avro, ümumi çəkisi isə 2,7 tondan çoxdur.

Salvinin bu marağı zamanla yerli sakinlər arasında da tanınıb. İnsanlar onunla qarşılaşanda və ya poçt çatdırılması zamanı əllərindəki xırda pulları poçtalyona veriblər.

"Sadəcə görmək istəyirdim ki, nə qədər irəli gedə bilərəm", – deyə Salvi Tele2000 telekanalına açıqlamasında bildirib.

Hazırda kolleksiya hər biri 30 litr həcmində olan 28 şüşə qabda saxlanılır. Sikkələrin ağırlığı evin pilləkən hissəsində çatlara səbəb olduğundan Salvi onları aşağı mərtəbələrə köçürmək məcburiyyətində qalıb.

Buna baxmayaraq, italiyalı poçtalyon kolleksiya toplamaqdan imtina etmək fikrində deyil. Onun növbəti hədəfi bir avrosentlik sikkələrin sayını 1,5 milyona çatdırmaqdır.

Aydın