Xəbər lenti

İqlim dəyişikliyi yayı uzadır: 70 ildən sonra altı ay davam edə bilər
Dünya16:57 05.11.2026

İqlim dəyişikliyi yayı uzadır: 70 ildən sonra altı ay davam edə bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qlobal istiləşmə Avropada fəsillərin ənənəvi ardıcıllığını və müddətini dəyişir. İqlimşünasların araşdırmalarına görə, yay getdikcə uzanır, yaz və payız isə qısalır. Mövcud tendensiya davam edərsə, təxminən 70 ildən sonra Şimal yarımkürəsində yay mövsümü ilin yarısını əhatə edə bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə “Xataka” portalı İspaniya Dövlət Meteorologiya Agentliyinin (AEMET) məlumatlarına istinadən yazıb.

Məlumata görə, 1980-ci illərdən etibarən İspaniyada yayın müddəti hər onillikdə təxminən 10 gün artıb. Bu dəyişikliklər xüsusilə ölkənin şimal-şərqində və Pireney dağlarında daha qabarıq müşahidə olunur. Oxşar tendensiya Avropanın digər ölkələrində də qeydə alınır.

Ən çox yaz mövsümü qısalır

44 meteoroloji stansiyanın 1971-2018-ci illər üzrə məlumatları əsasında aparılan araşdırma göstərib ki, yayın başlanğıcı hər onillikdə orta hesabla 6,76 gün, bitmə tarixi isə 2,74 gün gecikir. Bu isə isti mövsümün uzanmasının əsasən yaz aylarının hesabına baş verdiyini göstərir.

AEMET-in məlumatına əsasən, İspaniyanın mərkəzi və şimal bölgələrinin bəzi ərazilərində yazla yayın xüsusiyyətlərini birləşdirən keçid dövrü artıq bir aydan çox davam edir. Payız isə hələlik isti hava dalğalarına daha davamlıdır. Bununla belə, Kantabriya və Aralıq dənizi sahillərində son onilliklər ərzində yay təxminən iki-üç həftə uzanıb.

Pireneylərdəki La-Molina meteoroloji rəsədxanasının göstəriciləri də dəyişikliklərin miqyasını ortaya qoyur. Belə ki, 1979-2000-ci illərdə burada orta hesabla 49 isti yay günü qeydə alınırdısa, son 25 ildə bu rəqəm 69-a yüksəlib.

2100-cü ilə qədər təhlükəli ssenari

Qlobal istiləşmənin sürətlənməsi xüsusilə 1979-cu ildən sonra nəzərəçarpacaq dərəcədə güclənib. “Geophysical Research Letters” jurnalında dərc olunan araşdırmaya görə, istixana qazlarının emissiyası əhəmiyyətli dərəcədə azaldılmasa, 2100-cü ilə qədər Şimal yarımkürəsində yayın müddəti təxminən altı aya çata bilər.

Bu proqnozlar iqlim dəyişikliyinin yalnız temperaturun yüksəlməsi ilə məhdudlaşmadığını, eyni zamanda fəsillərin müddətini və təbii dövrləri də dəyişdirdiyini göstərir.

Aydın