
“Novruzlu AF” şirkəti satınalma müqaviləsinin icrasından boyun qaçırıb.
Qaynarinfo xəbər verir ki, bu səbəbdən şirkət Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin qərarı ilə etibarsız təchizatçılar siyahısına salınıb. Şirkət 2028-ci il mayın 4-dək satınalma müsabiqələrində iştirak edə bilməyəcək.
Dövlət satınalmalarının vahid internet portalı üzərində apardığımız araşdırma zamanı məlum olub ki, “Novruzlu AF” şirkəti cari ildə Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun Naxçıvan filialı, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə satınalma müqaviləsi bağlayıb.
Bu müqavilələr kondisionerlərin, yuyucu və təmizlik vasitələrinin satın alınması və avadanlıqların cari təmiri ilə bağlıdır. Satınalma müqavilələrinin maliyyə dəyəri müvafiq olaraq 3 480 manat, 3 764,45 manat, 4 010 manat təşkil edir.
“Novruzlu AF” MMC 2025-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, H.Əliyev prospekti, ev 105a, mənzil 8-də yerləşir. Şirkətin qanuni təmsilçisi Novruzlu Anar Bayandır oğludur.
Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında əlavə məlumatlar yoxdur.
Seyid