
“Bavariya”nın hücumçusu Harri Keyn yeni müqavilə ilə Avropanın ən çox qazanan futbolçusuna çevrilib.
Qaynarinfo xəbər verir ki, Münhen təmsilçisi ingiltərəli hücumçu ilə müqaviləni 2029-cu ilin iyun ayınadək uzadıb. Bununla da futbolçunun gələcəyi ilə bağlı müzakirələrə son qoyulub.
İngiltərənin “Daily Mail” nəşrinin məlumatına görə, yeni anlaşma Keynin həftəlik maaşını 400 min funt sterlinqə çatdırıb. Bildirilir ki, bu məbləğ Avropada futbolçulara ödənilən ən yüksək baza maaşı hesab olunur.
Keyn 2023-cü ildə 86 milyon funt sterlinq qarşılığında “Tottenhem”dən “Bavariya”ya transfer olunub. O, Almaniya klubunun heyətində indiyədək 161 oyunda 156 qol vurub. Hücumçu ötən mövsüm klub və milli komanda səviyyəsində keçirdiyi 65 matçda 73 dəfə fərqlənib.
Yeni müqavilə Keynin İngiltərə Premyer Liqasına qayıdaraq Alan Şirerə məxsus qol rekordunu qırmaq ehtimalını da azaldıb. Belə ki, futbolçu “Bavariya” ilə daha üç il əməkdaşlıq etməyə razılıq verib.
Qeyd edək ki, Keyn Münhen klubuna keçməzdən əvvəl karyerasında titul qazana bilməmişdi. Lakin Almaniyadakı çıxışı zamanı bir sıra komanda uğurlarına imza atıb.
Aydın