
İngiltərənin “Mançester Siti” klubu maliyyə qaydalarının pozulması ilə bağlı yeni araşdırma təhlükəsi ilə üzləşib. Klubun 2018-ci ildən sonrakı dövrdə sponsorluq müqavilələri və kommersiya gəlirləri vasitəsilə maliyyə qaydalarını pozmağa davam edib-etmədiyi ilə bağlı suallar yaranıb.
Qaynarinfo xəbər verir ki, bu barədə İngiltərənin “The Independent” nəşri məlumat yayıb.
Xatırladaq ki, müstəqil komitə daha əvvəl “Mançester Siti”ni 2009-2018-ci illəri əhatə edən dövrdə 115 maliyyə qaydasını pozmaqda təqsirli bilmişdi. Klub isə ittihamları qəbul etmir və qərara qarşı apellyasiya prosesini davam etdirir.
Yeni araşdırma ehtimalının yaranmasına səbəb əvvəlki prosesdə sponsorluq müqavilələrinin dəyərinin klub sahibləri tərəfindən gizli şəkildə təmin edilən vəsaitlər hesabına süni artırılması ilə bağlı qənaətlər olub. İngiltərə Premyer Liqası daxilində bəzi rəsmilər bu təcrübənin 2018-ci ildən sonra da davam edib-etmədiyinin araşdırılmasını vacib sayırlar.
İddialara görə, “Mançester Siti” ilə Əbu-Dabi ilə əlaqəli sponsorlar arasındakı maliyyə münasibətləri yenidən diqqət mərkəzinə düşə bilər. Əgər açıqlanmayan maliyyələşmənin davam etdiyi və sponsorluq müqavilələrinin real bazar dəyərini əks etdirmədiyi sübuta yetirilərsə, kluba qarşı əlavə ittihamlar irəli sürülə bilər.
Qvardiolanın qazandığı titullar da müzakirə mövzusuna çevrilib
Məsələnin həssaslığını artıran əsas məqamlardan biri Pep Qvardiolanın rəhbərliyi altında komandanın 2018-ci ildən sonrakı uğurlarıdır. “Mançester Siti” yeddi mövsüm ərzində İngiltərə çempionatında altı dəfə qalib gəlib. Bu titulların dördü ardıcıl qazanılıb.
Bundan başqa, komanda yerli turnirlərdə üçlük əldə edib, 2022-2023 mövsümündə isə tarixində ilk dəfə UEFA Çempionlar Liqasının qalibi olmaqla tarixi treblə imza atıb.
Bununla belə, bəzi futbol rəsmiləri 2018-ci ildən sonrakı maliyyə fəaliyyətinin kifayət qədər araşdırılmadığını düşünürlər. Yeni istintaqın başlanması üçün isə əvvəlki işdə istifadə olunan sızdırılmış elektron məktublar kimi əlavə sübutların əldə edilməsi tələb oluna bilər.
Yeni araşdırma cəza danışıqlarında təzyiq vasitəsidir?
Nəşrin məlumatına görə, Premyer Liqa daxilində yeni araşdırmanın prosesin daha bir neçə il uzanmasına səbəb ola biləcəyindən narahat olanlar da var. Bəzi rəsmilər əlavə ittihamlar irəli sürmək əvəzinə, apellyasiya prosesinin nəticəsini və noyabrda gözlənilən cəza qərarını gözləməyi üstün tuturlar.
Digər ehtimala görə, yeni araşdırma təhlükəsi klubla cəza məsələsinə dair danışıqlarda təzyiq vasitəsi kimi istifadə edilə bilər. Belə ki, “Mançester Siti” mövcud iş üzrə cəzanı qəbul edərsə, Premyer Liqa əlavə araşdırmaya başlamamaq variantını nəzərdən keçirə bilər.
Klubun mümkün satışa çıxarılması da məsələnin əhəmiyyətini artırır. Yeni ittihamlar və gələcək sanksiyalarla bağlı qeyri-müəyyənlik potensial investorların “Mançester Siti”yə marağına təsir göstərə bilər.
Hazırda klub özünün təqsirsiz olduğunu müdafiə edir. İngiltərə futbol ictimaiyyəti isə apellyasiya prosesinin yekununu və mümkün cəzaları gözləyir.
Aydın