
Son zamanlar Türkiyədə İranın dəstəklədiyi radikal dini qrupların Ankara ilə Bakı arasındakı sarsılmaz qardaşlığa və strateji müttəfiqliyə zərbə vurmaq cəhdləri açıq-aşkar görünür.
Qaynarinfo AFN.az-a istinadən xəbər verir ki, bu zərərli fəaliyyətlərə meydan verilən məkanlardan biri də Diyarbəkirdəki Dəclə (Dicle) Universitetidir.
Təəssüf ki, elm və təhsil ocağı olmalı olan ali məktəb radikal dini dairələrin Azərbaycan əleyhinə at oynatdığı təxribat poliqonuna çevrilib.
Universitetin kampusunda Azərbaycan əleyhinə “hicab qadağası” bəhanəsi ilə keçirilən aksiya birbaşa iki ölkə arasındakı dostluğa qarşı yönəlib.
Bu cür aksiyaların arxasında İran mənşəli radikal strukturların və “Hizb ət-Təhrir” kimi keçmişi qaranlıq qüvvələrin dayandığı hər kəsə bəllidir. Bəs Türkiyə-Azərbaycan münasibətlərinə, rəsmi dövlət xəttinə zidd olan bu anti-Azərbaycan nümayişinə universitet rəhbərliyi niyə göz yumub?
Burada əsas suallar universitetin rektoru, professor Kamuran Eronata ünvanlanır: Rektor bu təxribata nə üçün icazə verib və şərait yaradıb? Eronat radikal dini qrupların təsiri altındadır, yoxsa burada İranla birbaşa qaranlıq əlaqələrdən söhbət gedir?
Dövlətin strateji maraqlarına və qardaşlıq bağlarına kölgə salan bu özbaşınalıq cavabsız qalmamalı, Türkiyənin aidiyyəti dövlət orqanları Dəclə Universitetindəki radikal təşkilatlanmanı və rektorun şübhəli mövqeyini dərhal nəzarət altına almalıdır.