
Xalq artisti, xanəndə Alim Qasımovun müğənni Üzeyir Mehdizadə ilə ifa etdiyi dueti tənqid edən Əməkdar artist Lalə Məmmədova sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Qaynarinfo xəbər verir ki, Lalə Məmmədova Alim Qasımovun Üzeyir Mehdizadə ilə birlikdə səsləndirdiyi “Nəyindən narahatsan” adlı dueti bəyənmədiyini ifadə edib. Müğənni teleproqramların birində çıxışı zamanı sözügedən duetlə bağlı ona çoxsaylı suallar ünvanlandığını bildirib. “Xalq onu ciddi əsərlərlə qəbul edib. Xalqın duyğuları ilə oynamaq olar? Əgər bir sənətkar gözəl əsərlər oxuyaraq xalqın sevgisini, güvənini qazanırsa, xalqın duyğularını yerlə-yeksan etmək olmaz”,- deyə Lalə Məmmədova bildirib.
Onun bu açıqlaması Alim Qasımovun pərəstişkarlarının etirazına səbəb olub. Sosial şəbəkə istifadəçiləri Lalə Məmmədovanı gənc ifaçılara dəstək göstərməməkdə ittiham ediblər.
İzləyicilərin bir qismi müğənninin fikirlərinə belə münasibət bildirib:
“Gənclərə hər zaman dəstək lazımdır. Duet çox gözəl alınıb. Aygün Kazımova da Üzeyir Mehdizadə ilə duet oxuyub. Aygün yenə zirvədədir. Sizin də hər oxuduğunuz əsər deyil. Bir nəfər gənc göstərin ki, ona dəstək olmusunuz”.
Bahar Rüstəmli