
Amerikalı teleulduz Tarek El Moussa 16 yaşlı qızı Taylor üçün 150 min dollar dəyərində lüks avtomobil alıb. Hədiyyə sosial şəbəkələrdə müzakirələrə və tənqidlərə səbəb olsa da, məşhur aparıcı qərarını qızının uğurları və təhlükəsizliyi ilə əsaslandırıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” nəşri yazıb.
45 yaşlı El Moussa keçmiş həyat yoldaşı, teleulduz Christina Haackdan olan qızının məktəbdə yüksək nəticələr göstərdiyini bildirib. O, “Money Rehab” proqramında çıxışı zamanı Taylorun avtomobili zəhməti ilə haqq etdiyini deyib.

Məşhur aparıcının sözlərinə görə, qızı ondan avtomobil almağı tələb etməyib. Hətta daha ucuz, işlənmiş maşın alsaydı belə, Taylorun bundan narazı qalmayacağını bildirib. Lakin El Moussa bahalı avtomobili öz rahatlığı üçün aldığını vurğulayıb: onun fikrincə, qızının möhkəm və təhlükəsiz avtomobildə hərəkət etməsi vacibdir. O, maşını “tank kimi möhkəm” adlandırıb.
El Moussa qızının dəbdəbəli həyat tərzi ilə böyüməsinin öz uşaqlığından tamamilə fərqləndiyini də etiraf edib. Bildirib ki, özü böyüyərkən maddi imkanları məhdud olub və sahib olmaq istədiyi çox şeydən məhrum qalıb. Buna görə də indi övladlarını hər cür şəraitdə böyütməyə çalışır.

Aparıcı Taylorun hələ bir yaşında olarkən şəxsi təyyarələrlə səyahət etdiyini xatırladıb. Onun sözlərinə görə, qızı belə imkanlar içində böyüdüyü üçün maddi nemətlərə atasından fərqli yanaşır.
Tarek El Moussa və Christina Haack 2009-2018-ci illərdə evli olublar. Onların Taylorla yanaşı, 11 yaşlı Brayden adlı oğulları da var. Boşandıqdan sonra münasibətlərini qoruyan keçmiş cütlük birgə televiziya layihələrində iştirak etməyə davam edib.
El Moussa 2021-ci ildən Heather Rae El Moussa ilə evlidir. Christina Haack isə boşandıqdan sonra bir neçə münasibət yaşayıb və hazırda iş adamı Christopher Larocca ilə birlikdədir.
Aydın