
65 yaşdan sonra kredit götürənlərlə bağlı yeni qaydalar müəyyənləşib.
Qaynarinfo xəbər verir ki, kredit götürən şəxslərin həyatının ölüm və əmək qabiliyyətinin itirilməsi hallarından sığortalanması zamanı yaş və sağlamlıqla bağlı müəyyən məhdudiyyətlər nəzərdə tutulur.
Qaydaya əsasən, 18 yaşdan aşağı və 65 yaşdan yuxarı şəxslər kredit müqavilələri üzrə borcalanın həyatının sığortalanmasına dair qaydaların əhatə dairəsinə daxil olmayan kateqoriyalar sırasındadır.
İqtisadçı Xalid Kərimli Qaynarinfo-ya açıqlamasında hazırda 65 yaşdan yuxarı şəxslərə müddətli ipoteka krediti verilmədiyini bildirib:

"Əgər şəxsin 55 yaşı varsa, cəmi 10 illik dövlət ipotekası verilir. Şəxsin 45 yaşı varsa, cəmi 20 illik. Yəni ipotekanın son yaş həddi 65-i keçməməlidir. Azərbaycanın balaca tarixində həmişə belə olub. Yəni burada başqa bir məsələ yoxdur. İkincisi, həyat sığortasının adi kreditlərlə birbaşa bağlılığı yoxdur. Yalnız və yalnız İpoteka və Kredit Zəmanət Fondu tərəfindən verilən kreditlərdə həyat sığortası vacib şərt kimi müəyyənləşdirilir. Amma qalan hallarda həyat sığortası kredit üçün ön şərt deyil. Yəni ki, həyat sığortası olmasa kredit verilməyəcək deyə bir şey yoxdur".
Xalid Kərimlinin sözlərinə görə, yaşı 65-dən yuxarı olan şəxslər adi qaydada istehlak və biznes kreditləri götürə bilərlər.
Bahar Rüstəmli