
Sakit okeanında suyun səth temperaturunun normadan yüksək olması El-Nino iqlim hadisəsinin güclənməsinə səbəb olur. Meteoroloqlar fenomenin 2026-cı ilin sonunadək yüksək intensivliyə çatacağını, təsirlərinin isə 2027-ci ildə də davam edəcəyini proqnozlaşdırırlar.
Qaynarinfo xəbər verir ki, bu barədə “Player” nəşri Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) məlumatlarına istinadən yazıb.
El-Nino Sakit okeanının şərq hissəsində səth sularının dövri olaraq isinməsi və passat küləklərinin zəifləməsi nəticəsində yaranır. Adətən iki-yeddi ildən bir təkrarlanan bu hadisə dünyanın müxtəlif bölgələrində temperatur və yağıntı rejiminə təsir göstərir, daşqın, quraqlıq və ekstremal istilər riskini artırır.
Proqnozlara əsasən, fenomenin 2027-ci ilin fevralınadək davam etməsi ehtimalı 100 faizə yaxınlaşır. Buna səbəb tropik Sakit okeanda suyun temperaturunun qeyri-adi dərəcədə yüksək olmasıdır.
ÜMT-nin məlumatına görə, may-iyul aylarında okeanın mərkəzi və şərq ekvatorial hissəsində səth temperaturu orta göstəricidən 1,5 dərəcə yüksək olub. İyulda bu fərq 2 dərəcəyə çatıb, həmin ayın sonu və avqustun ortalarında isə bəzi həftəlik göstəricilər 2,2-2,6 dərəcə arasında dəyişib. İyul və avqustun əvvəlində okeanın bəzi ərazilərində dərinlikdəki suyun temperaturu da orta göstəricini 8 dərəcədən çox üstələyib.

Təşkilat hazırkı proqnozların mütəxəssislər arasında yüksək səviyyədə uzlaşması ilə seçildiyini bildirir. BMT-nin baş katibi Antonio Quterreş də El-Ninonun güclənməsinə diqqət çəkərək, prosesin getdikcə daha intensiv xarakter aldığını qeyd edib.
Bununla belə, ÜMT-nin baş katibi Seleste Saulo mümkün nəticələrin yalnız fenomenin gücünə əsasən qiymətləndirilməməli olduğunu vurğulayıb. Onun sözlərinə görə, təsirlər ayrı-ayrı bölgələrin coğrafi mövqeyindən, mövsümdən, eləcə də Hind və Atlantik okeanlarında mövcud vəziyyətdən asılı olacaq.
Sentyabr-noyabr ayları üçün çoxsaylı modellərə əsaslanan proqnozlar quruda yerləşən ərazilərin demək olar ki, hamısında temperaturun orta göstəricidən yüksək olma ehtimalının artdığını göstərir. Yağıntıların paylanmasının isə güclü El-Nino zamanı müşahidə olunan tipik atmosfer reaksiyasına uyğun olacağı gözlənilir.
Mütəxəssislər qeyd edirlər ki, fenomenin təsirləri dünyanın müxtəlif yerlərində fərqli şəkildə özünü göstərə bilər. Bəzi bölgələrdə güclü yağışlar və daşqınlar, digərlərində isə quraqlıq və istilik dalğaları müşahidə oluna bilər.
Aydın