
Qanunvericilikdə nəzərdə tutulan sosial təminatların həyata keçirilməsi ilə bağlı bəzi hallarda problemlər yarana bilir. Valideyn himayəsindən məhrum olmuş, ali, orta ixtisas və peşə təhsili müəssisələrində əyani formada təhsil alan şəxslərin təhsil müddətində 23 yaşına çatması ilə bağlı yaranan hüquqi qeyri-müəyyənlik də bu qəbildəndir.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov da “Facebook” paylaşımında məhz bu kateqoriyadan olan şəxslərin hüquqları ilə bağlı məsələni qabardıb. Belə ki, “Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunun 5-ci maddəsinə əsasən, müvafiq kateqoriyadan olan təhsilalanlar üçün imtiyaz və güzəştlər nəzərdə tutulur. Qanunvericiliklə müəyyən edilmiş şərtlər çərçivəsində onlara davamiyyətindən asılı olmayaraq artırılmış təqaüd ödənilir, təhsillərini başa vurduqda isə birdəfəlik müavinət verilir: “Lakin qanunvericilikdə təhsil aldığı müddətdə 23 yaşına çatan, amma hələ məzun olmayan şəxslərin vəziyyətinin necə tənzimlənməsi məsələsi aydın deyil. Nəticədə tələbənin yaşı 23-ə çatdıqda sosial təminatlarının dayandırılması problemi meydana çıxır. Halbuki elə tələbələr var ki, bu yaş həddinə təhsilini başa vurmağa cəmi bir neçə ay, hətta bir gün qalmış çatırlar. Əgər bu təminatların məqsədi valideyn himayəsindən məhrum olmuş gənclərin təhsil almasına və müstəqil həyata başlamasına dəstək göstərməkdirsə, təhsil müddətində yaş həddinin tamamlanması həmin dəstəyin dayandırılması üçün nə dərəcədə əsaslı səbəbdir?”
Çıxış yolu tapmalıyıq
Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Ceyhun Məmmədov tələbələrin 23 yaş həddinə çatdıqdan sonra dövlət təminatından məhrum olması məsələsinin həllini vacib hesab edir: “Hazırda müzakirə olunmaq üçün Milli Məclisin gündəliyində belə bir məsələ yoxdur. Amma bu, olduqca ciddi və aktual məsələdir. Çünki bir neçə günə görə tələbələrimiz belə bir çətinliklə üzləşirlər. Hesab edirəm ki, gələcəyə doğru bu məsələyə ciddi formada baxıb çıxış yolu tapmalıyıq. Çünki bu durum ailələrimiz, övladlarımız üçün problemlər yaradır. Bu problemin qarşısını almaq üçün bəzi addımların atılmasına ehtiyac var”. Millət vəkili hesab edir ki, Elm və Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də bu məsələnin həllini diqqətdə saxlamalıdır.
Təhsilin davamlılığı və sosial ədalət prinsipləri əsas götürülməlidir
Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov hesab edir ki, valideyn himayəsindən məhrum olmuş tələbələrin sosial müdafiəsi ilə bağlı qanunvericiliyin tətbiqində təhsilin davamlılığı və sosial ədalət prinsipləri əsas götürülməlidir: “Ali, orta ixtisas və peşə təhsili müəssisələrində əyani formada təhsil alan, valideyn himayəsindən məhrum olmuş şəxslərlə bağlı qanunvericilikdə müəyyən edilən yaş həddi təhsil prosesinin ortasında tamamlandıqda, onların sosial təminatlarının davam etdirilməsi məsələsi aktuallaşır. Bəzi hallarda tələbənin təhsilini başa vurmasına cəmi bir neçə ay, hətta bir neçə gün qalır, lakin həmin müddətdə onun 23 yaşı tamam olur. Nəticədə sosial təminatların, güzəştlərin və təhsili başa vurduqdan sonra nəzərdə tutulan birdəfəlik müavinətin taleyi ilə bağlı suallar meydana çıxır. Burada əsas problem yaş həddinin mövcudluğundan daha çox, həmin həddin təhsil prosesi davam edərkən tamamlanmasının hüquqi nəticələrinin aydın və birmənalı tənzimlənməməsidir”.
Ekspertin fikrincə, bu istiqamətdə qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi məqsədəuyğun olardı: “Hesab edirəm ki, təhsil müddətində 23 yaşı tamam olan şəxslər üçün keçid mexanizminin nəzərdə tutulması vacibdir. Belə bir mexanizm onların təhsillərini yarımçıq qoymaq riskini azalda və məzunluq mərhələsində sosial müdafiəni gücləndirə bilər. Qanunvericilikdə aydın mexanizmin yaradılması həm hüquqi müəyyənliyi təmin edər, həm də sosial ədalət və humanizm prinsiplərinin praktikada daha dolğun həyata keçirilməsinə xidmət edər”.
Qeyri-müəyyənlik tətbiq zamanı mübahisələrə səbəb olur
“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyevin fikrincə, qanunun müvafiq müddəaları birlikdə nəzərə alınmalıdır: “Qanunda 23 yaş həddi var. Təhsil müəssisələrində təminatları dayandırarkən bu müddəaya əsaslanırlar. Amma həmin qanunun 5-ci maddəsində təhsil müəssisəsini bitirənədək tam dövlət təminatı nəzərdə tutulur. Məsələni araşdırarkən hər iki müddəa nəzərə alınmalıdır. Qanundakı müddəalar arasında qeyri-müəyyənlik tətbiq zamanı mübahisələrə səbəb olur”. Ə.Nuriyevin fikrincə, artıq yaranmış ödəniş tələbi ilə təminat hüququnun davam etməsi məsələləri bir-birindən fərqləndirilməlidir: “23 yaşına çatmış tələbə məzun olubsa, müavinətin köçürülməsinin gecikməsi onun hüququnun itirilməsinə səbəb olmamalıdır”. Hüquqşünas hesab edir ki, “bütün sosial müavinətlər dayandırılır” ifadəsinin də dəqiqləşdirilməsinə ehtiyac var: “Şəxsin başqa əsasla aldığı sosial ödənişlər bu qanundakı yaş həddinə görə avtomatik dayandırıla bilməz. Təhsilini başa vurmağa az qalmış tələbənin dəstəkdən məhrum edilməsi onun məzun olmasını çətinləşdirə bilər. Ona görə sosial müdafiə tədbirinin nəticəsini qiymətləndirərkən bu hal mütləq nəzərə alınmalıdır”. Ə.Nuriyevin fikrincə, mövcud mübahisələrin aradan qaldırılması üçün qanunvericiliyə dəyişiklik edilməlidir: “Müvafiq hüququ 23 yaşına qədər əldə etmiş tələbənin həmin vaxt oxuduğu proqram üzrə təminatları normativ təhsil müddətinin sonunadək saxlanılmalıdır. Belə şəxslərin məzunluq müavinətlərini yaşlarından asılı olmayaraq alması ayrıca qeyd olunmalıdır. Dəyişiklik maliyyə öhdəlikləri baxımından da nəzərə alınmalı, təhsil haqqının ödənilməsinə dair normalar və tətbiq qaydaları uyğunlaşdırılmalıdır”.
Mənbə: "Kaspi" qəzeti