Xəbər lenti

Melaniya Tramp Nobel Sülh Mükafatına layiq görülə bilər
Dünya13:42 31.10.2026

Melaniya Tramp Nobel Sülh Mükafatına layiq görülə bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ-ın birinci xanımı Melaniya Trampın Ukraynanın işğal altındakı Xerson vilayətinin Oleşki şəhərində humanitar əməliyyatın həyata keçirilməsi ilə bağlı razılaşmanın əldə olunmasında mühüm rol oynadığı bildirilir. Bu fəaliyyət onun gələcəkdə Nobel Sülh Mükafatına namizəd göstərilməsi ehtimalını gündəmə gətirib.

Qaynarinfo xəbər verir ki, bu barədə hərbi məsələlər üzrə şərhçi Hamiş de Bretton-Qordon Böyük Britaniyanın “The Telegraph” nəşrində dərc olunan müəllif məqaləsində yazıb.

Müəllifin sözlərinə görə, Melaniya Tramp humanitar missiyanın reallaşması üçün Rusiya və Ukrayna rəsmiləri ilə birbaşa təmaslar qurub. Bu təşəbbüs onun müharibə zamanı Rusiyaya aparılaraq ailələrindən ayrı düşən ukraynalı uşaqların geri qaytarılması istiqamətində əvvəlki səylərinin davamı kimi qiymətləndirilir.

De Bretton-Qordon qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp və müdafiə naziri Pit Heqset daha çox hərbi güc nümayişinə və sərt ritorikaya üstünlük verdiyi halda, birinci xanım fərqli istiqamətdə fəaliyyət göstərərək humanitar diplomatiya vasitəsilə tərəfləri danışıqlar masasına gətirməyə çalışıb.

Şərhçinin fikrincə, Oleşkidə humanitar əməliyyatla bağlı razılaşma mühüm nəticədir və sülhün əldə olunmasında insan amilinin əhəmiyyətini göstərir. O hesab edir ki, bu baxımdan Nobel Sülh Mükafatı məsələsində Melaniya Trampın adı həyat yoldaşından daha ciddi nəzərdən keçirilə bilər.

Müəllif ehtimal edir ki, Melaniyanın gələn il Nobel Sülh Mükafatına namizədliyinin müzakirə olunması maraqlı siyasi mənzərə yaradacaq. Bu, mükafatı dəfələrlə arzuladığını açıq şəkildə bildirən Donald Tramp üçün də müəyyən mesaj ola bilər.

Qeyd edək ki, Donald Tramp prezidentliyinin ikinci dövründə bir neçə münaqişəyə son qoyduğunu iddia edərək Nobel Sülh Mükafatına layiq olduğunu dəfələrlə bəyan edib. Lakin 2025-ci ildə mükafat Venesuela müxalifətinin lideri Mariya Korina Maçadoya, 2026-cı ildə isə Navanethem Pillaya verilib. Bu qərarlar Trampın narazılığına səbəb olub.

Aydın