
Almaniyanın keçmiş kansleri Angela Merkel 2019-cu ildə rəsmi tədbirlər zamanı yaşadığı güclü titrəmələrin səbəbindən danışıb. Siyasətçinin sözlərinə görə, həmin vaxt keçirdiyi ağır şəxsi itki və yüksək iş yükü orqanizmində ciddi stress reaksiyasına səbəb olub.
Qaynarinfo xəbər verir ki, Merkel bu barədə “Magenta TV”yə müsahibəsində danışıb.
Keçmiş kansler bildirib ki, hərbi təntənəli mərasimlər zamanı bədənində yaranan titrəmələri uzun müddət yığılmış gərginliyin boşalması kimi qiymətləndirib. O, bunun anasının vəfatı, eləcə də siyasətdən getmək qərarının yaratdığı emosional vəziyyətlə əlaqəli ola biləcəyini deyib.
Merkelin sözlərinə görə, həmin dövrdə şəxsi və peşəkar məsuliyyətləri səbəbindən fəaliyyətinə birdən-birə fasilə vermək mümkün olmayıb. Buna görə də rəsmi görüşlərdə iştirak formatı dəyişdirilib: o, tədbirlərdə ayaqüstə dayanmaq əvəzinə oturaraq iştirak etməyə başlayıb.
Jurnalistin anasının ölümündən sonra yas saxlamaq üçün kifayət qədər vaxt ayırıb-ayırmadığı barədə sualını cavablandıran Merkel bunun yetərli olmadığını etiraf edib. O bildirib ki, orqanizmi dayanmağa ehtiyac duyurdu və belə hallarda insan özünə fasilə verməlidir.
Aydın