
Qaynarinfo-nun efirində yayımlanan "Bir Plus" verilişinin növbəti buraxılışında aparıcı Çinarə Ömrayın qonağı yazıçı və şairə Arzu Hüseyn olub. Şairə verilişdə qızı Əsmərin səhhətində yaranan problemlərdən və uzun illərdir davam edən mübarizəsindən bəhs edib. Arzu Hüseyn bildirib ki, qızının durumu tam olaraq elmə məlum deyil və Türkiyədə aparılan genetik analizlər dəqiq sindromun adını müəyyən etməyib:
"Bizdə durum elmə hələ də məlum deyil. Çoxsaylı genetik analizlər verəndən sonra həkimlər bildirdilər ki, müəyyən sindromlara bənzər bir durumdur, amma ümumilikdə adı yoxdur. Əsas fəsadı ürəyindədir, Marfana bənzər bir sindromdur. Türkiyədə analiz verəndə bizə əzələ toxuması problemi olduğunu dedilər. Bütün bədəndə əzələ strukturunu pozan bir sindromdur".
Uşağın doğularkən anatomik quruluşunda və skeletində dəyişikliklərin müşahidə edildiyini deyən ana sonradan ürəkdə mitral qapaq prolaps çatışmazlığının aşkarlandığını vurğulayıb. O, xəstəliyin qəbul edilməsi prosesinin çətinliyindən və valideyn duruşunun əhəmiyyətindən söz açıb:
"Valideyn nə qədər zəif, nə qədər qorxaq, nə qədər ümidsiz olsa, övlad da bir o qədər zəif, qorxaq və ümidsiz olacaq. Mən bütün valideynlərə tövsiyə edirəm ki, övladlarının yanında özlərini zəif göstərməsinlər. Övladın tək sığındığı onun valideynidir. O, valideynini zəif görəndə sanki qorunmuş hiss etmir. Məni güclü edən indi Əsmərdir. O, öz ad günündə ayağını sındıranda bizə dedi ki, sevinin, bir ayağımı sındırmışam, ikincisini də sındıra bilərdim".
Arzu Hüseyn həmçinin qızına heç vaxt xəstəliyinə görə fərq qoyulmasını istəmədiyini qeyd edib:
"Məktəb müəllimlərindən ilk xahişim o olub ki, xəstəliyinə görə ona güzəştə getməsinlər. Xəstəliyin onun sosiumda böyüməsinə mənfi təsiri olmamalıdır. Sırf uşaq xəstədir deyə onu tərbiyəsiz böyütməyin, cəmiyyətə yararsız insan etməyin tərəfdarı deyiləm".
Xatırladaq ki, veriliş hər cümə günü, saat 20:00-da Qaynarinfo-nun Youtube kanalı - Qaynar TV-də yayımlanır.