
Ster Həbibzadə İranın paytaxtı Tehranda uşaq olarkən qardaşı ilə küçədə futbol oynaya bilmək üçün saçlarını qısa kəsdirirdi. O zaman böyüyüb Qadınlar arasında Çempionlar Liqasında baş məşqçi olacağına “heç vaxt inanmazdı”.
Qaynarinfo xəbər verir ki, bu barədə "Goal" yazıb.
“Gülüb deyərdim: "Ay, zarafat etməyin. Bu mümkün deyil, bunun heç bir yolu yoxdur’”, deyə o, gülərək danışır.
Lakin məhz belə də oldu. İrandan ayrılaraq Niderlandda “sıfırdan deyil, məncə, sıfırın da altından” başlamağından 13 il sonra Həbibzadə “OH Leuven” klubunun baş məşqçisi kimi meydanın kənarında dayanır. Ötən mövsüm Qadınlar arasında Çempionlar Liqasının sürpriz komandası olan “OH Leuven” gözləntiləri üstələyərək bu il də turnirin liqa mərhələsinə vəsiqə qazanıb.
“Avropanın ən yaxşı 18 komandası arasındayıq. Bu, həqiqətən də inanılmazdır”, deyə o bildirir.
Bu yol heç də asan olmayıb. Həbibzadə çoxsaylı sarsıntılarla üzləşib, qarşısına çıxan maneələri aşmaq üçün çox çalışmalı, fədakarlıqlar etməli və səbir göstərməli olub. Lakin Çempionlar Liqası kimi yüksək səviyyəyə çatmaq bütün bunlara dəyib.
“Bunun üçün çox şeydən keçmişəm. Buna görə də özümü həqiqətən xoşbəxt və qürurlu hiss edirəm. Etdiyim heç nə hədər getməyib”, – deyə Həbibzadə vurğulayır.
“Böyük şok”

Həbibzadə Avropaya köçəndə qadın futbolunda hər şeyin daha yaxşı olacağını düşünürdü, lakin Niderlandda peşəkarlığın çatışmadığı ilə qarşılaşdı.
Həbibzadə Niderlanda ilk dəfə gələndə belə bir uğur əldə etmək uzaq ehtimal kimi görünürdü.
İranda futbola böyük həvəs göstərən qız uşağı kimi böyümək heç də asan deyildi. Həbibzadə bunu belə xatırlayır:
“İran qadınlar üçün çətin ölkədir. Buna görə də küçədə oğlanlarla futbol oynamağım normal qarşılanmırdı. İnsanlar məni oğlan hesab etsinlər deyə saçlarımı kəsdirdim. Mən gəlinciklərlə oynayan tipik qız deyildim!”
Bütün çətinliklərə baxmayaraq, İranda peşəkar qadın futbolçu olmaq üçün imkan var idi. Həbibzadə də bu yolla irəliləyərək cəmi 17 yaşında ilk peşəkar müqaviləsini imzalayıb. Əvvəl “Malavan”, daha sonra isə “Şiraz” klubunda çıxış edən futbolçu karyerasının ilk illərində İran millisinin heyətində 21 oyun keçirib.
Belə bir karyeraya sahib olan Həbibzadənin 23 yaşında bütün bunları geridə qoyaraq Niderlanda köçdüyünü və orada qadın futbolunda peşəkarlığın olmadığını öyrəndiyini təsəvvür edin.
“Bu, sadəcə təəccüblü deyildi, böyük şok idi”, deyə o xatırlayır.
Planların dəyişməsi

Həbibzadə gözlənilməz dəyişikliklərə uyğunlaşaraq yarımştat futbol oynamağa davam etdi və eyni zamanda məşqçilik karyerasına diqqət ayırdı.
İranda peşəkar futbolçu olmaq ideal şərait demək deyildi. Bununla belə, Həbibzadə ölkəsində tam ştatlı futbolçu kimi çıxış edir, yaxşı imkanlardan və infrastrukturdan yararlanırdı. Avropaya gələndə hər şeyin daha yaxşı olacağını düşünən futbolçu burada tamamilə fərqli mənzərə ilə qarşılaşacağını gözləmirdi.
Yaşayışını təmin etmək üçün tam ştatlı işdə də çalışmalı olduğundan, Niderlandın yüksək liqasında futbol oynamaq onun üçün mümkün deyildi.
“Ailəsi ilə yaşayan futbolçular üçün bu, problem deyil. Onlar məşqlərə gedə, ayda bəlkə də bir neçə yüz avro qazana və bununla kifayətlənə bilərlər. Amma mən evimin, qazın, ərzağın və bir sözlə, hər şeyin xərcini ödəmək üçün işləməliyəm”, deyə o izah edir.
Bu vəziyyətin müsbət tərəfi də olub: Həbibzadə məşqçilik karyerasına daha çox diqqət ayırmağa başlayıb. Peşəkar statusu olmadan yüksək liqada oynamağa çalışmaq əvəzinə, işdən sonra axşam məşqlərinə qatılmasına imkan verən aşağı liqalarda çıxış etməyə qərar verib. Paralel olaraq UEFA-nın məşqçilik lisenziyalarını almaq üçün çalışıb.
“23 yaşım var idi. Bu yaş İran Super Liqasında və milli komandada oynamaq üçün ən yaxşı dövr hesab olunur. Həmin vaxt ölkəmi, ailəmi, hər şeyi geridə qoydum və sıfırdan deyil, məncə, sıfırın da altından başladım. Çünki Avropada məni heç kim tanımırdı”, – deyə Həbibzadə bildirir.
Özünə inam

Həbibzadə qarşısına çıxan çətinliklərdən geri çəkilmədi və məqsədinə çatacağına həmişə inandı.
Buna baxmayaraq, o, qətiyyətindən dönməyib. Məşqçilik lisenziyalarını almağa, təcrübə toplamağa, niderland dilini öyrənməyə və Avropada məşqçilik karyerasına başlamağa diqqət yetirib.
“Gözlədiyim bu deyildi. Avropaya gəlməkdə məqsədim bu deyildi. Amma sonra özümə dedim: ‘Yaxşı, artıq buradayam. İndi irəliyə baxmalıyam. Təslim olmayacağam’”, deyə o danışır.
“Ailəniz, valideynləriniz yanınızda deyil. Tamamilə tək qalırsınız və fərqli mədəniyyətə, başqa dilin danışıldığı bir yerə uyğunlaşaraq hər şeyi özünüz etməli olursunuz. Sanki başqa bir dünyadasınız, başa düşürsünüz?
“İlk vaxtlar bunun mənim üçün nə qədər çətin olduğunu insanlara izah etmək asan deyil. Amma özümə dedim ki, vəziyyət belədir və bunun öhdəsindən gəlməliyəm. Bunun üçün çalışacağam. Məşqçilik lisenziyası almaq üçün çalışıram və bir gün ən yüksək səviyyədə baş məşqçi olacağıma əminəm. İlk gündən buna inanmışam”.
Onu bu qədər əmin edən nə idi?
“Çünki özümə güvənirəm. Nələrə qadir olduğumu və hansı keyfiyyətlərə sahib olduğumu bilirəm. Həmçinin bir arzum varsa və ya nəyəsə nail olmaq istəyirəmsə, bunu gerçəkləşdirmək üçün əlimdən gələn hər şeyi edirəm”, deyə Həbibzadə cavab verir.
Fürsət qapını döyür

“Patro Eisden”də uğurlu işindən sonra “Club Brugge”də təcrübə qazanan Həbibzadəyə bu yay “Leuven” tərəfindən böyük fürsət verildi.
Həbibzadənin karyerasında əsas yüksəliş Belçikanın “Patro Eisden” klubunda başlayıb. O, əvvəlcə klubun gənclər komandalarında çalışıb, lakin qısa müddət sonra ona qadın futbolu bölməsi yaratmaq tapşırılıb.
Bu vəzifənin öhdəsindən gələn Həbibzadə tamamilə yeni yaradılmış komandanı beşinci liqadan başlayaraq ardıcıl olaraq daha yüksək divizionlara yüksəldib və nəticədə ikinci liqaya çıxarıb.
Bu uğurlar Belçikanın ən böyük klublarından biri olan “Club Brugge”ün diqqətini çəkib. Həbibzadə 2025-ci ilin yayında klubun qadın komandasına köməkçi məşqçi kimi qoşulub.
Bir il sonra Belçika çempionu “OH Leuven”in baş məşqçisi Arno Van den Abbel yeni fürsətdən yararlanmaq üçün vəzifəsini tərk edib. Həbibzadə də onun yerinə keçmək üçün müraciət edib və baş məşqçi təyin olunub.
Ailənin əvəzsiz dəstəyi

Həbibzadə ailəsinin uzaqdan dəstəyini hiss edir. Lakin İranda davam edən münaqişə onlarla əlaqə saxlamağı çətinləşdirir.
İranda yaşayan ailəsi Həbibzadənin hər uğurunu uzaqdan qeyd edir. O, yeddi ildir vətəninə qayıtmayıb. Anasını isə sonuncu dəfə iki il əvvəl, qadının qızının toyunda iştirak etmək üçün Belçikaya gəldiyi zaman görüb.
Həbibzadə həmin günü xatırlayaraq deyir: “Çox xoşbəxt idim”.
“Hazırda vəziyyət bir qədər çətindir. Bəzən görüntülü danışırıq və bir-birimizlə əlaqə saxlamağın yeganə yolu budur. Müharibə və baş verən hadisələr səbəbindən əlaqə yaratmaq, hətta onlara zəng etmək belə asan deyil. Onlar məndən daim futbol haqqında soruşurlar. Oyunları izləyir, hər şeyi diqqətlə izləyir və mənimlə həqiqətən fəxr edirlər”.
Həbibzadənin anası əvvəlcə qızının futbolla məşğul olmasına o qədər də isti yanaşmırdı.
36 yaşlı mütəxəssis həmin dövrü belə xatırlayır:
“Anam daha çox tennis oynamağımı, üzgüçülüyə və ya rəqsə getməyimi, basketbol, voleybol və ya başqa idman növü ilə məşğul olmağımı istəyirdi. Amma futbol oynamağımı istəmirdi”.
Lakin qızının futbola nə qədər bağlı olduğunu və bu idman növündə həqiqətən istedadlı olduğunu gördükdən sonra anasının münasibəti dəyişib.
“Daha sonra Super Liqada oynadığım dövrdə anam ən böyük dəstəkçilərimdən birinə çevrildi”.
Həbibzadə hazırda sıx iş qrafikinə baxmayaraq, ailəsi ilə əlaqə saxlamağa çalışır:
“Çempionlar Liqası ilə əlaqədar günlərim həqiqətən çox gərgin keçir. Hər gün bu qədər işin olması adi hal deyil. Buna baxmayaraq, anamla, atamla, qardaşım və bacılarımla əlaqə saxlayıram. Onlar mənə videolar və xoş mesajlar göndərir, baş verənləri izləyir və mənə dəstək olurlar. Bu, özümü həqiqətən yaxşı hiss etməyimə kömək edir. Güclü qalmaq və yoluma davam etmək üçün bu dəstəyə çox ehtiyacım var. Hər gün düşünürəm ki, çəkdiyim əziyyətlərin hədər getməməsi və ailəmin mənimlə fəxr etməsi məni xoşbəxt edir”.
Onu dəstəkləyənlər təkcə ailəsi deyil. Həbibzadə bu mövsüm Qadınlar arasında Çempionlar Liqasının liqa mərhələsində iştirak edən cəmi beş qadın baş məşqçidən biridir. O, həmçinin İran və ya Yaxın Şərqdən çıxaraq belə diqqətçəkən məşqçilik vəzifəsinə yüksəlmiş azsaylı qadınlardan biridir.
“Bəzən sosial şəbəkələrdə də xoş mesajlar alıram. İnsanlar mənimlə fəxr etdiklərini, Avropada və Çempionlar Liqasında bu qədər uğur qazanan iranlı və ya fars əsilli bir qadını görməkdən məmnun olduqlarını bildirir və mənə dəstək verirlər”, deyə o söyləyir.
Çətinlikdən zövq alır

“Leuven” Qadınlar arasında Çempionlar Liqasının ən gənc heyətinə malik komandasıdır. Həbibzadə və onun favorit sayılmayan komandası isə Avropanın ən böyük səhnəsində təcrübə qazanmağı səbirsizliklə gözləyir.
“OH Leuven” üçün mövsümə başlamaq asan olmayıb. Klubun qadın komandası tarixində ilk dəfə ardıcıl iki dəfə liqa çempionu olaraq Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib. Lakin yay transfer dövründə bir sıra əsas futbolçularını itirib.
Bu mövsüm Çempionlar Liqasında iştirak edən komandalar arasında heyətinin orta yaşı “OH Leuven”dən aşağı olan yoxdur.
Buna baxmayaraq, komandanın liqa mərhələsindəki ilk oyunda İtaliya çempionu “Roma” ilə qolsuz heç-heçə etməsi rəqiblərinə “Leuven”i kiçik hesab etməməli olduqlarını göstərib.
Komanda turnirin favoritlərindən sayılmır. Lakin ötən mövsüm də belə bir mövqedə olmaqdan zövq alıb. Üstəlik, komandanın başında çətinliklərlə mübarizə aparmağın nə demək olduğunu yaxşı bilən məşqçi dayanır.
Həbibzadə bu səviyyəyə çatmaq üçün çoxsaylı maneələri dəf edib və dayanmadan çalışıb. İndi isə həm özü, həm də komandası Avropanın ən nüfuzlu turnirində növbəti gözlənilməz macəradan maksimum fayda əldə etməyə çalışır.
Həbibzadə “OH Leuven”in TSC-yə qarşı evdə keçirdiyi ilk Çempionlar Liqası təsnifat oyununu xatırlayaraq deyir:
“Həmin an hiss etdiklərimi sözlərlə ifadə edə bilmirəm. Sanki quş kimi göylərdə uçurdum. Stadionda baş verənlərə baxıb öz-özümə düşünürdüm: ‘Burada nə baş verir?’ Çempionlar Liqasının himnini eşidəndə isə dedim: ‘Vay, mən indi burada baş məşqçi kimi dayanmışam!’”
PSJ, “Çelsi”, “Yuventus” və “Roma” ilə qarşılaşmaq imkanımız var. Biz xüsusi bir iş görmüşük. İndi sadəcə bu təcrübədən zövq almaq və hər oyundan nəsə öyrənmək istəyirik. Bu, möhtəşəm təcrübədir və öyrəndiklərimizi gələcəkdə də özümüzlə aparmaq istəyirik”.
Aydın