
2019-cu ildən Sakit Okean Asiya Səyahət Assosiasiyasının (PATA) üzvü olan Azərbaycan təşkilatın şəbəkəsi vasitəsilə ölkənin turizm potensialını fəal şəkildə təbliğ edir.
Qaynarinfo xəbər verir ki, bunu Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid Bakıda keçirilən sammitlə bağlı açıqlamasında bildirib.
Onun sözlərinə görə, sammit çərçivəsində Asiya-Sakit Okean regionundan 50-dən çox turizm alıcısı Azərbaycana səfər edərək yerli tərəfdaşlarla görüşüb, həmçinin Şamaxı və Şəkinin turizm imkanları ilə tanış olub.
Florian Zenqstşmid qonaqların səfər təəssüratlarını sosial şəbəkələrdə bölüşməsinin Azərbaycanın beynəlxalq səviyyədə tanıdılması baxımından əhəmiyyətini vurğulayıb. O, gələcək illərdə PATA ilə tərəfdaşlığın gücləndiriləcəyini və Azərbaycana daha böyük tədbirin gətirilməsinin hədəfləndiyini bildirib.
Baş icraçı direktor, həmçinin Qarabağın turizm potensialının və bölgənin mədəni irsinin bərpasının diqqət mərkəzində olduğunu qeyd edib.